DÇ-2022: Fransa millisindən yeni rekordlar
Fransa millisi dünya çempionatlarında yeni rekorda imza atıb.
Msport.az xəbər verir ki, Qətərdə keçirilən mundialın yarımfinalında Mərakeşi 2:0 hesabı ilə məğlub edən “xoruzlar” son 7 yarışda 4-cü dəfə həlledici oyuna vəsiqə qazanıb. Bu isə istənilən ölkə yığmasının göstəricisindən 2 dəfə çoxdur.
Didye Deşamın rəhbərlik etdiyi kollektiv daha əvvəl 1998, 2006 və 2018-ci il mundiallarının finalında oynamaq imkanı əldə edib. Fransızlar bunların ikisində (1998, 2018) dünya çempionu olmağı bacarıb.
Fransa millisi dünya çempionatlarnda ardıcıl 2 dəfə finala çıxan 6-cı yığmadır. Didye Deşamın rəhbərlik etdiyi kollektiv DÇ-2018-də də həlledici görüşə vəsiqə qazanmışdı.
Daha əvvəl İtaliya (1934, 1938), Braziliya (1958, 1968; 1994, 1998, 2002), Niderland (1974, 1978), Almaniya (1982, 1986, 1990) və Argentina seçmələri də ardıcıl 2 dəfə bu uğura imza atıblar.
Qeyd edək ki, Fransa millisi finalda Argentina ilə qarşılaşacaq. Dekabrın 18-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Fransa millisi 84 ildən sonra ardıcıl iki dəfə dünya çempionatının finalına vəsiqə qazanan ikinci Avropa komandası olub. İlk dəfə İtaliya yığması 1934 və 1938-ci illərin mundiallarında həlledici görüşə yüksəlməklə bu uğura imza atıb. “Xoruzlar” isə DÇ-2018-dən sonra Qətərdəki yarışda da final həyəcanı yaşamaq hüququna yiyələniblər.
Fransızlar, eyni zamanda, dünya çempionatlarının pley-off mərhələlərində qələbə seriyasını 7 matça yüksəldiblər. Komanda dörd il əvvəl Rusiyada keçirilən mundialdan etibarən qrup mərhələsindən sonrakı qarşılaşmalarında rəqiblərini məğlubiyyətə uğradıb. Bu baxımdan rekord Braziliya millisinə məxsusdur. Cənubi Amerika təmsilçisi 1958-1970-ci illər aralığında baş tutan dünya çempionatlarının pley-offlarında ardıcıl 9 qələbəyə sevinib.
Xatırladaq ki, Fransa millisi DÇ-2022-nin həlledici matçında Argentina ilə üz-üzə gələcək. Dekabrın 18-də keçiriləcək oyuna Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.