DÇ-2022: Keyn və Bellingem üçün tarixi oyun
Qətərdə təşkil olunan dünya çempionatının 1/4 final mərhələsi çərçivəsində Fransaya qarşı keçirdikləri oyun İngiltərə millisinin hücumçusu Harri Keyn üçün əlamətdar olub.
Msport.az xəbər verir ki, o, dünya çempionatlarında Dieqo Maradona (Argentina), Kristiano Ronaldo (Portuqaliya) və Neymarla (Braziliya) qollarının sayını bərabərləşdirib.
29 yaşlı forvard buna 54-cü dəqiqədə penaltini dəqiq yerinə yetirməklə nail olub. Bununla da təcrübəli oyunçu dünya çempionatları tarixində 8-ci qolunu vurub. Keyn bu göstəriciyə 11-ci oyununda çatıb. Neymar 13, Maradona 23, Ronaldo isə 25 matçda rəqib qapılarına 8 dəfə yol tapıb.
Bundan başqa, millidəki qollarının sayını 53-ə çatdıran Keyn Ueyn Runinin rekordunu təkrarlayıb.
İngiltərə yığmasının yeni ulduzlarından olan Cud Bellingem də komandasının heyətində dünya çempionatının 1/4 finalında oynayan ən gənc (19 il, 164 gün) futbolçuya çevrilib. Bundan öncəki rekord da Ueyn Runidə idi (20 il, 250 gün).
İngiltərə yığması Fransa ilə oyunda 1:2 hesabıyla uduzaraq mübarizəni dayandırıb.