featured-image-28681

PFL-in “Neftçi” – “Qarabağ” oyununun vaxtını dəişməsi birmənalı qarşılanmadı.

Msport.az xəbər verir ki, rəsmi açıqlamada göstərilir ki, “ölkəmizdə baş tutacaq Formula -1 üzrə Azərbaycan Qran-Prisi ilə əlaqədar Azərbaycan Premyer Liqasının 32-ci turunun “Neftçi” – “Qarabağ” qarşılaşmasının tarixi və yeri dəyişdirilib. Matç əvvəlcədən nəzərdə tutlduğu kimi 30 aprel saat 19:00-da yox, 2 may saat 20:00-da keçiriləcək”.

Dünən Ağdam klubunun azarkeşləri sosial şəbəkələrdə bu addımın “Neftçi” üçün atıldığını iddia ediblər. Onların sözlərinə görə, “ağ-qaralar” kubokda “Turan Tovuz”a qarşı ağır oyun keçirdikdən 4 gün sonra prinsipial rəqibə qarşı görüşə çıxmalı idilər. Bu da təbii ki, Laurentsiu Regekampfın komandasına qəti sərf etmir.

Lakin düzü bu variant o qədər də inandırıcı görünmür, çünki “Neftçi”ni indi çempionata demək olar ki, heç nə bağlamır. “Ağ-qaralar” bütün diqqətlərini Azərbaycan kubokunu qazanmağa yönəldiblər. Onlar üçün “Qarabağ”la Premyer Liqa matçı “Səbail”lə görüş kimi bir şeydir.

Məncə, elə əsl səbəb PFL-in də elan etdiyi kimi Formula-1-dir. Lakin burda da maraqlı məqamlar var, oyun şəhərin digər hissəsində – 8 km qəsəbəsində keçiriləcək. Formulaya görə isə şəhərin mərkəzi hissəsi bağlı olacaq. “Qarabağ” Suraxanıdan gəlir, “Neftçi”nin bazası isə 8 Noyabr prospekti tərəfdir. Azarkeşlərə gəlincə, metro işləyəcək və istənilən yerdən “Bakcell Arena”ya gəlib çatmaq mümkündür.

Deməli, əsl məsələ odur ki, Formula -1 vaxtı hər şey kölgədə qalmalıdır, bütün Bakı bu yarışla nəfəs almalıdır. Başqa ölkələrdə yəqin ki, futbol derbisinə görə, Formula-1 Qran-Prisinin vaxtını sürüşdürərlər, bizdə isə Azərbaycan çempionatının heç kimə lazım olmayan yarış olduğu bir daha qabarıq göründü.

AYXAN

Bənzər xəbərlər