Gəncədə məşqçilər üçün kurs
Azərbaycan Voleybol Federasiyasının (AVF) məşqçi-müəllimlər üçün təşkil etdiyi növbəti “1-ci dərəcə” məşqçi kursu yanvarın 16-da Gəncə şəhərində start götürüb.
Msport.az xəbər verir ki, Gəncə OİK-də keçirilən kursda, həmçinin ətraf rayon və şəhərlərdən 19 məşqçi-müəllim iştirak edir.
Nəzəri və praktik hissələrdən ibarət dərsləri AVF-nin Təlim və aşağı yaş qruplarının rəhbəri Cengiz Akarçeşme keçir. Kursda iştirakçılara AVF-nin Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova idman təhlükəsizliyi haqqında da ətraflı məlumat verəcək. Sonda təşkil olunacaq imtahandan uğurla keçəcək mütəxəssislər AVF-nin “1-ci dərəcə” sertifikatını alacaqlar.
Kurs yanvarın 20-dək davam edəcək.
Qeyd edək ki, federasiya tərəfindən ötən il Qəbələdə, Sumqayıtda və Bakıda “1-ci dərəcə” məşqçi kursları keçirilib. AVF Bakıda və digər bölgələrdə birinci dərəcə ilə yanaşı, ikinci və üçüncü dərəcəli kurslar da təşkil edəcək. “1-ci dərəcə” sertifikatı almış məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcəklər. Hər üç dərəcəni alacaq mütəxəssislər isə FIVB-nin Level-1 seminarında iştirak hüququ qazanacaqlar.