featured-image-56088

“Kollektiv daxilində əla atmosfer var”.

Msport.az xəbər verir ki, bunu “Sumqayıt”ın yeni transferi Aleksey Kitayev deyib.

Təcrübəli basketbolçu komandadakı ab-havanı və potensiallarını dəyərləndirib: “Yeni mövsüm ərəfəsində “Naxçıvan”a qarşı keçirdiyimiz hazırlıq oyunu yaxşı komanda olduğumuzu göstərdi. Güclü rəqibə layiqli müqavimət göstərdik. Təbii ki, bir neçə gün əvvəl keçirilən oyunda qalib gəlmək istəyirdik. Amma məğlubiyyətin də müəyyən səbəbləri var. Çünki təzə formalaşmışıq, bir-birimizlə çox oynamamışıq. Uyğunlaşmağa vaxt lazımdır. Komandanın üzvləri fərdi planda çox güclüdür”.

Kitayev yeni mövsümdə “Sumqayıt”ın uğurla çıxış edəcəyinə inanır: “Təbii ki, əsas hədəfimiz pley-offa vəsiqə qazanmaqdır. İşlərimiz qaydasında getsə, çempionatın 4 ən güclü komandası sırasına da yüksələ bilərik. Bunun üçün biz oyundan-oyuna artırmalıyıq. Artıq “Ordu” klubu ilə ilk oyunda nəyə qadir olduğumuzu göstərməliyik. Mövsümün ilk matçında sumqayıtlı basketbol həvəskarlarını Sumqayıt Olimpiya İdman Kompleksinə oyunumuzu izləməyə dəvət edirəm. Ümid edirəm ki, bu oyunda məhz onların dəstəyi ilə “Sumqayıt” qalib gələcək”.

Qeyd edək ki, “Sumqayıt” ilk turda “Ordu”nu sınağa çəkəcək. Oyun oktyabrın 20-də keçiriləcək.

Bənzər xəbərlər