“Hələ heç nə yekunlaşmayıb”
Həqiqətən də müdafiədə çox yaxşı oynadıq.
Msport.az-ın məlumatına görə, bunu “Xəzri”nin baş məşqçisi Murat Dikmen “NTD-İndiqo”ya 63:61 hesabı ilə qalib gəldikləri yarımfinal mərhələsinin ilk oyunu barədə klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis hücum performanslarından məmnun qalmadığını bildirib: “Ancaq rəqib də bizə qarşı yaxşı hazırlaşmışdı. Qarşılıqlı həmlələrlə bütün hücumları ayrı-ayrı müdafiə sistemi ilə dayandırmağa çalışdıq. Bu matçda müdafiədə çox fərqli üsullar yoxladıq. Bir az kombinasiyalı sistemə üstünlük verdik. Bu da rəqibimizin istədiyi kimi çıxış etməsinə mane oldu. Bu məsələdə də uğurlu olduğumuzu düşünürəm. Məncə, pley-offda yaxşı müdafiə olunan tərəf sonadək gedə bilər. Komandam bunu bacardı. Ona görə də hər birini təbrik edirəm. Seriyada 1-0 irəli çıxdıq. Hələ heç nə yekunlaşmayıb”.
Türkiyəli baş məşqçi şənbə günü ikinci görüşün olacağını xatırladıb: “Eyni ciddiyyətlə, eyni sərtlik və templə çalışacağıq. Ümid edirəm ki, növbəti qarşılaşmada da istədiyimiz nəticəni əldə edəcəyik. Artıq mental olaraq üstünlük bizdədir. Bunu yaxşı dəyərləndirmək lazımdır. “Sərhədçi” ilə ikinci oyunda etdiyimiz səhvləri təkrarlamamaq üçün oyunçularımı yaxşı motivasiya etməliyəm. Ümid edirəm ki, şənbə günü yaxşı oyun göstərərək adımızı finala yazdıracağıq”.
Qeyd edək ki, bu komandalar arasında ikinci duel mayın 11-də reallaşacaq. İki matçın yekununda bərabərlik olarsa, üçüncü oyun mayın 13-də keçiriləcək.