featured-image-20634

“Sabah”ın baş məşqçisi Murad Musayev “Qarabağ”ın Kadi Borqesi Rusiyanın “Krasnodar” klubuna satmasından danışıb.

Msport.az xəbər verir ki, “Krasnodar”ın sabiq çalışdırıcısı “Matç TV”yə açıqlamasında braziliyalı yarımmüdafiəçinin gedişinin Ağdam təmsilçisi üçün müəyyən çətinlik yaradacağını bildirib:

“Kadinin gedişi “Qarabağ” üçün itkidir. Lakin onlar bütövlükdə komanda olaraq güclüdürlər. İndi isə vaxtilə “Monako”da oynayan Diakabi ilə müqavilə imzalayıblar. Gözləyək görək. Amma düşünürəm ki, “Qarabağ” Borqesin gedişinin öhdəsindən gələcək”.

Rusiyalı mütəxəssis Kadinin “Krasnodar”a uyğun oyunçu olduğunu vurğulayıb: “Fikrimcə, Kadi Borqes hazırda Azərbaycan Premyer Liqasının ən güclü oyunçusudur. O, özünü son avrokubok oyunlarında – həm Çempionlar Liqasında, həm də Avropa Liqasında yaxşı göstərdi. Təbii ki, adaptasiya, zədələr Borqesə mane ola biləcək amillərdir. Amma ümumilikdə onun oyun tərzi “Krasnodar”a uyğundur. Düşünürəm ki, o, öz güclü tərəflərini ortaya qoyacaq və Azərbaycandakı kimi Rusiyada da parlaq çıxış edə biləcək”.

“Krasnodar” Kadi ilə 2026-cı ilin yayınadək sözləşmə imzalayıb. Qeyri-rəsmi məlumatlara görə, “Qarabağ” bu keçiddən 5 milyon avro qazanıb.

Bənzər xəbərlər