featured-image-26137

“Beş oyunluq qələbə seriyasının ardı gəlsəydi, daha yaxşı olardı. Əfsuslar olsun ki, dünənki matçda o qədər də yaxşı çıxış etmədik”.

Bunu Msport.az saytına açıqlamasında “Xəzər Lənkəran”, “Kəpəz” və “Keşlə” (indiki “Şamaxı”) komandalarının sabiq baş məşqçisi Yunis Hüseynov deyib.

Azərbaycan millisinin səfərdə Avstriyaya 1:4 hesabı ilə məğlub olduğu AVRO-2024-ün seçmə mərhələ oyununu şərh edən veteran futbolçu yığmanın ilk 15 dəqiqədə pis təsir bağışlamadığını bildirib:

“Hətta mənə elə gəldi ki, millimiz səfərdən minimum 1 xalla ayrılacaq. Həmin müddətdə avstriyalılar sanki özlərində deyildilər. Qoldan sonra bizimkilər dayandılar, ümumiyyətlə, oyun itdi. İkinci qolu heç nədən buraxdıq. Həmin qoldan sonra komanda tam olaraq konsentrasiyanı itirdi. İkinci hissəyə əvəzetmələrlə başladıq. Düşünürdüm ki, bundan sonra müdafiədə yaxşı oynayarıq. Təəssüf ki, alınmadı. Hətta rəqibin daha çox imkanı oldu. Müdafiədə boşluqlar həddindən artıq çox idi”.

Onun sözlərinə görə, qapı xəttində daha təcrübəli oyunçuya şans vermək lazım idi: “Amma o demək deyil ki, təcrübəli qolkiper oynasaydı, uduzmayacaqdıq. Ən azından bu cür səhvlərə yol verməzdi. Yusif gəncdir, ona belə bir oyunda şans vermək çox tez idi. Azərbaycan çempionatında ikinci pillədə gedən komandanın əsas qapıçısı olsa da, onu 30 min azarkeşin qarşısında Avstriya ilə oyuna buraxmaq düzgün qərar deyildi. Bunu əvvəldən də demişdim”.

Millimizin sabiq üzvü baş məşqçi Canni De Byazinin əlində elə də geniş seçim imkanı olmadığını vurğulayıb:

“Olanımız bunlardır. Başqa kim var ki? Bədavi Hüseynovun zədəsi var. Hamı Anton Krivotsyukun adını çəkir. Onun axırıncı oyununu kim görüb? Hansı formada olduğunu bilmirik. Mənə elə gəlir ki, Bəxtiyar Həsənalızadə göz qabağında olduğu üçün ona şans verildi. Krivotsyuk meydana çıxıb “fontan” etdi? Fərdi səhvləri müzakirə etmək düzgün deyil, ümumi komanda uduzdu. Hər baş məşqçi istəyər ki, qalib gəlsin. Kimlər formada idilərsə, onlar da oynadılar. Sadəcə, Yusif İmanova şans vermək tez idi”.

Hüseynov Azərbaycan Premyer Liqasının bombardiri olan Musa Qurbanlının ehtiyatda qalmasına da toxunub: “Hamı deyə bilər ki, filan oyunçu meydana çıxsaydı, daha yaxşı olardı. Kənardan nəyisə müzakirə etməkdə yaxşıyıq. Seçim baş məşqçinindir. Öz oyun taktikasına uyğun futbolçuları meydana buraxır. Amma Musa Qurbanlı bu gün əla formadadır, qollarını sıralayır. Ona şans versəydi, daha yaxşı olardı. Yəqin ki, qarşıdakı matçlarda ona şans verər. Baş məşqçinin oyuna baxışı fərqlidir. Qərarı da o verir. Bərabərə qalsaydıq, hamı deyəcəkdi ki, yığmada hər şey yüksək səviyyədədir. Uduzmuşuq deyə, bu cür səhvlər ön plana çıxır”.

Veteran futbolçu deyib ki, yığma belə çıxış edəcəksə, İsveçlə oyundan da nəsə gözləməyə dəyməz: “Çətin olacaq. Rəqib ilk matçda evdə Belçikaya uduzub. Onlar da final mərhələsinə vəsiqə qazanmaq istəyirlər. Odur ki, qələbə qazanmağa çalışacaqlar. Çünki qrupun favoritləri üçün bizim kimi yığmalarla matçlarda xal itkiləri yolverilməzdir. Bu səbəbdən rəqiblər artıq millimizlə görüşlərə daha ciddi hazırlaşırlar. Belə oyunla səfərdən xal götürməyimiz müşkül məsələdir. Yenə də ümid edək ki, hər şey bizim üçün yaxşı olacaq”.

Qeyd edək ki, İsveç – Azərbaycan oyunu martın 27-də keçiriləcək.

CAHİD

Bənzər xəbərlər