featured-image-28635

“İlk oyundakı minimum qələbə o demək deyil ki, Sən meydançaya rahat çıxacaqsan. Düzdür, bu, az da olsa üstünlük, özünəinam yaradır. Mənə elə gəlir ki, “Turan Tovuz” qapalı futbol oynayacaq və rəqibi əks hücumda yaxalamağa çalışacaq”.

Bunu Msport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu, hazırda menecer kimi fəaliyyət göstərən Ceyhun Sultanov deyib.

Ölkə kubokunun yarımfinalında “Neftçi” və “Turan Tovuz” arasında keçiriləcək cavab oyunu barədə fikirlərini bölüşən veteran yarımmüdafiəçi komandaların finala çıxmaq şanslarını dəyərləndirib: “Düşünürəm ki, Tovuz klubu ilk matçda qələbə qazansa da, şanslar 60-ın 40-a “Neftçi”nin xeyrinədir. “Ağ-qaralar” öz meydanında yaxşı təsir bağışlayır. Hər iki tərəf finala adlaya bilər. Mənə görə, “Neftçi”nin şansı daha böyükdür”.

Sultanovun sözlərinə görə, “Neftçi” mərhələni keçə bilməsə, çox şey ola bilər: “Bu, klubun daxili məsələsidir. Mənə elə gəlir ki, finala çıxmasalar, mayın sonunda Regekampfla müqaviləyə xitam veriləcək”.

Menecer “Turan Tovuz” cəbhəsinin hakimliklə bağlı narahatlıq keçirməsinə əsas olmadığını vurğulayıb: “Çünki VAR sistemi var. Xırda follarda səhvlərə yol verə bilərlər. Ciddi qərarlar isə VAR sistemi ilə incələnir. Normal hakimlik gözləyirik. Bu cür matçlarda normal idarəçilik olanda komandaların gücü bəlli olur”.

Qeyd edək ki, sabah “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Turan Tovuz” görüşü saat 20:00-da başlayacaq. İlk matçda Qərb təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

CAHİD

Bənzər xəbərlər