Millimizin baş məşqçisi səfərə yollana bilmədi
16 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak etmək üçün Estoniyaya yola düşüb.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən Msport.az-a verilən məlumata görə, yarışda mübarizə aparacaq komandanın məşqçilər korpusunda dəyişiklik olub.
Səhhətində yaranan problemə görə gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Cahangir Seyed Abbasi turnirdə iştirak edə bilməyəcək. Onu Cengiz Akarçeşmə əvəzləyəcək. C.Akarçeşmənin köməkçiləri isə Tural Teymurov və Elşən Heybətov olacaq.
U-16 millimizin heyəti: Elvin Qədirli, Elvin Abdullayev, Mətin Əlibəyli, Özcan Məhərrəmov, Əli Novruzlu, Onur Xəlilov, Seymur Əliyev, İmran Hüseynzadə, Sinan Quliyev, Ramin Nəhmədov, Baba Əzizli, Daniil Belov, Amir Yagoubi, Elvin Vəliyev.
Qeyd edək ki, noyabrın 27-30-u aralığında baş tutacaq yarışda komandamız B qrupunda Estoniya və Latviya yığmaları ilə qarşılaşacaq. AVRO-2025-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.