“Neftçi”dən ilk qələbə
Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun oyunu keçirilib.
Msport.az xəbər verir ki, Voleybol Mərkəzində baş tutan görüşdə “Neftçi” klubu MOİK-lə üz-üzə gəlib.
3-cü tur çərçivəsində təşkil olunan qarşılaşmanın ilk setini 25:19 hesablı üstünlüklə bitirən “Neftçi” ikinci hissədə də eyni hesabla qalib gəlib. Pərviz Səmədovun yetirmələri üçüncü setdə isə 25:15 hesabı ilə qalib gələrək yekunda rəqibini 3:0 hesabı ilə məğlub edib.
Beləliklə, bu oyundan sonra ilk 3 xalını qazanan “Neftçi” turnir cədvəlində üçüncü yerdə qərarlaşıb. Aktivində 6 xalı olan “Murov” birinci, 3 xala sahib “Xarı bülbül” isə set fərqində “Neftçi”ni qabaqlayaraq 2-ci yerdədir. Bu gün məğlub olan MOİK komandası isə sonuncudur.
Xatırladaq ki, 3-cü turun sabah keçiriləcək son oyununda “Murov” və “Xarıbülbül” komandaları üz-üzə gələcəklər.
Bununla da birinci dövrədən yalnız bir matç keçirilməmiş qalacaq. 2-ci turdan təxirə salınmış “Xarıbülbül” – “Neftçi” qarşılaşmasının baş tutacağı tarixlə bağlı əlavə məlumat veriləcək.
Yüksək Liqa
3-cü tur
26 yanvar
“Neftçi” – MOİK 3:0 (25:19, 25:19, 25:15)