"Olimpiya qızılını qazanmalı və karyeramı başa vurmalıyam" - Hacı Əliyev
“Bu, mənim son şansımdır. Olimpiya qızılını qazanmalı və karyeramı başa vurmalıyam”.
Msport.az xəbər verir ki, bunu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanan sərbəst güləş üzrə millimizin lideri Hacı Əliyev Dünya Güləş Birliyinin rəsmi saytına açıqlamasında deyib.
Fəxri kürsünün ən yüksək pilləsinə qalxan 32 yaşlı idmançı çox vacib qələbə qazandığını bildirib: “Ölkə tarixində dördqat Avropa çempionu olan ilk kişi güləşçisiyəm. Bu, mənim üçün əla nəticədir. Yarışa çox yaxşı hazırlaşmışdıq. Çoxlu təlim-məşq toplanışı keçirdik. Biz doğru yoldayıq. Ona görə də qalib gəlirik”.
65 kq-da ikiqat olimpiya mükafatçısı olan təcrübəli pəhləvan bu çəkinin ən çətin olduğunu söyləyib: “Burada yaxşı rəqiblər çoxdur, adətən 4-5 dünya çempionu olur. Onların güləş tərzlərini də bilirəm”.
Dördqat Avropa və üçqat dünya çempionu olimpiadalarda bürünc və gümüş medal əldə etdiyini xatırladıb: “Çox çalışacağam. Qızıl medal üçün əlimdən gələni edəcəyəm. Düşünürəm ki, 32 və ya 34 yaşda olmağın fərqi yoxdur. Yalnız çox çalışmaq və çempion olmaq vacibdir”.