"Oyundan əvvəl 1 xal təklif etsəydilər, o da bizim üçün "çörək" olardı"
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov səfərdə “Turan Tovuz”a 3:2 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu şərh edib.
Msport.az xəbər verir ki, 45 yaşlı mütəxəsis matçdan sonra keçirilən mətbuat konfransında həddən artıq möhkəm komandaya qarşı oynadıqlarını bildirib:
“Evdə mübarizəyə böyük önəm verən rəqiblə qarşılaşmaq çətindir. “Turan Tovuz”la burada oynayan komandalar əziyyət çəkirlər. Düşünürəm ki, bu mövsüm ən yaxşı oyunlarımızdan birini keçirdik. Rəqib erkən qol vursa da, matçboyu futbolçular nizam-intizamı qorudular. Mübarizədən qopmadılar, rəqibin son dəqiqələrdəki təzyiqinə qədər öz oyunlarını göstərdilər. “Səbail”lə görüşdə də belə bir şey yaşamışdıq. Artıq son mərhələyə girmişik. Qarşılaşmadan əvvəl bizə 1 xal təklif etsəydilər, o da bizim üçün “çörək” olardı”.
O, bugünkü matçda gənc qapıçı İlnur Vəliyevə şans verməsinin səbəbini açıqlayıb: “Aydın Bayramov zədə səbəbindən fasilə dönəmində bizimlə məşq etmədi. Amma İlnuru sırf Aydın zədələndiyi üçün meydana buraxmamışdım. Onu hətta iki matç əvvəl oynatmaq istəyirdik. Aydın həddən artıq yüklənmişdi. Ardıcıl səhvlər onun özünü təzyiq altına salmışdı. Düşündük ki, bəlkə bir az dincəlsin”.
Abasov dubl edən Kamran Əliyevin tam olaraq formaya düşmədiyini vurğulayıb: “Kamran kimi oyunçular tez uyğunlaşırlar. Çünki dil problemi yaşamırlar. Bəziləri ilə azərbaycanca, bəziləri ilə rusca danışır. Kamran bu gün komandanın yaxşılarından biri idi. Amma bəzi epizodlarda oyundan qopurdu. Düşünmürəm ki, uyğunlaşma dönəmini tam başa vurub. Ona yenə vaxt lazımdır. Hələ tam mən istəyən formada deyil”.







