"Oyundan sonra paltardəyişmə otağında, ya da gecə klubunda rəqs edin" - Roy Kin braziliyalılar haqqında
“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin Braziliya yığmasının futbolçularının hər qoldan sonra rəqs etməsini növbəti dəfə tənqid edib.
Msport.az “Daily Mail”ə istinadən xəbər verir ki, İrlandiya millisinin sabiq üzvü pentekampeonların baş məşqçisi Tite haqqında da fikirlərini səsləndirib.
Qeyd edək ki, Tite Cənubi Koreya ilə oyundan (4:1) sonra “bu bizim mədəniyyətimizin bir hissəsidir. Lazım gələrsə, mən də rəqs edəcəm. Amma bunun üçün çox məşq etməliyəm” demişdi.
Roy Kinin cavabı özünü çox gözlətməyib: “Braziliya yığmasının oyununa baxmaq xoşuma gəlir. Dünya çempionatı barədə düşünəndə o dəqiqə Braziliya ağıla gəlir. Onlara baxmağı sevirəm, çünki əla futbol oynayırlar. Amma rəqs edəndə yox. Bu hörmətsizlikdir.
Başa düşmürəm, oyun qutarmamış məşqçi necə rəqs edə bilər? Ondan 10 yard aralıda rəqibin məşqçisi dayanıb və o, buna baxmaq məcburiyyətindədir. Matçdan sonra paltardəyişmə otağında, ya da gecə klubunda rəqs edin. Bu, problem deyil.
Amma niyə oyun vaxtı bunu eləmək Braziliya üçün normal olmalıdır? Əgər hər kəs qoldan sonra rəqs eləsə, oyunlar 3 gün davam edəcək.
Onlar məşqçi lisenziyası alanda bilirsiniz, nəyi öyrənməlidirlər? Taktikanı yaddan çıxarın, məşqçilərə meydanın kənarında rəqs etməyi öyrədin”.