featured-image-25873

Bakı – Qəbələ sürət qatarının şəhərdən bir qədər aralıda yerləşən dəmir yolu stansiyasında dayanması sərnişinlər arasında narazılıq yaradıb. Amma artıq bunun da yolu tapılıb. Dəmir yolu stansiyasından Qəbələnin mərkəzinə xüsusi avtobuslar ayrılıb.

Maraqlıdır ki, həmin nəqliyyat vasitələrindən biri “Qəbələ” İdman Klubuna məxsusdur. Üzərində klubun loqosu olan avtobus Bakıdan qatarla gələn şəxsləri rayona çatdırır. Bu avtobus klubun əsas komandasına xidmət göstərən nəqliyyat vasitəsinə oxşayır. Həm də indi millinin oyunları ilə bağlı fasilədir. Avtobusa elə də ehtiyac yoxdur.

“Qəbələ” əsas komandanın avtobusunun dəmir yolu stansiyasından şəhərə sərnişin daşıma xidməti ilə məşğul olması barədə xəbərlərə münasibət bildirib. Klubun mətbuat katibi Anar Hacıyev Msport.az saytına açıqlamasında faktı təkzib etməyib.

Amma o deyib ki, həmin nəqliyyat vasitələri klubun balansında olsa da, əsas komandanın avtobusu deyil:

“Balansımızda olan avtobuslardan istifadə ilə bağlı bizə rəsmi müraciət olub. Bizdə iki deyil, daha çox iritutumlu avtobus var. Bunlardan bəzən rəsmi müqavilə əsasında sərnişindaşıma məqsədilə istifadə olunur. Burada söhbət əsas komanda və akademiyanın avtobusundan yox, digər nəqliyyat vasitələrindən gedir. Klubun büdcəsinə xeyir baxımından rəsmi qaydada bu addım atılır”.

CAHİD

Bənzər xəbərlər