“Qələbəyə inanırıq” – Azərbaycan millisinin baş məşqçisi
Azərbaycanın 18 yaşadək qız basketbolçulardan ibarət millisinin baş məşqçisi Evren Alkaya Kosovoda keçirilən Avropa çempionatının yarımfinalında Kipə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Msport.az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, türkiyəli mütəxəssis belə danışıb:
“Ermənistana qarşı daha çox psixoloji planda gərgin oyun (68:42) keçirdik. Yarımfinalda Kiprlə qarşılaşacağıq. Hansı ki, 2022-ci ildə çempion olublar. Öz yaş qrupunda ilk “3-lüy”ə düşmüş komandadır. Çox dinamik, müdafiə sistemi üzərindən oynayırlar. Əslində, turnirin əvvəlindən bəri Kiprə ya finalda, ya da yarımfinalda rəqib olacağımızı düşünürdüm. Kipr yarımfinalda görüşə biləcəyimiz ən çətin rəqib idi. Onları məğlub edib finala çıxacağımızı düşünürəm. Ona görə də rəqibi izləyirdik. Müəyyən zəif tərəfləri var və bundan istifadə etməyə çalışacağıq. Daha aqressiv olacağıq. Bura qədər gəldikdən sonra uduzmaq niyyətimiz yoxdur. Maydan bəri yarışlara çox ciddi şəkildə hazırlaşırıq. Düzdür, bir az yorğunluq var. Amma bu, hər zaman olur. Komandamız oyuna hazırdır. Gərgin anlarda necə davranmalı olduğumuzu bilirik. Qələbəyə inanırıq”.
Qeyd edək ki, millinin Kiprlə matçı sabah Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.