featured-image-18359

Portuqaliya millisinin lideri Kristiano Ronaldo 2018-ci ildən bəri ilk dəfə böyük turnirlərdə (Avropa və Dünya Çempionatlarının final mərhələlərində) əsas heyətdə yer almadı.

Msport.az xəbər verir ki, ulduz oyunçu Qətərdə keçirilən mundialın İsveçrə ilə 1/8 final matçına ehtiyat oyunçular skamyasında başladı.

Dünya mətbuatında bunun Ronalodonun baş məşqçi Fernando Santosla münasibətlərinin korlanmasından qaynaqlandığına dair xəbərlər yayılıb. Lakin baş məşqçi bütün bu xəbərləri təkzib edib və bildirib ki, Ronaldo ilə heç bir problemi yoxdur, onun İsveçrə ilə görüşdə sonradan meydana buraxılması da taktiki bir gedişdir.

Yeri gəlmişkən, Ronaldo İsveçrə ilə matçın 73-cü dəqiqəsində meydana çıxmaqla argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın nəticəsini təkrarlayıb. O, mundiallarda oyun sayını 21-ə yüksəldib. Beləliklə Kristiano DÇ-lərdə bu sayda görüşdə forma şansı qazanan Maradonaya, eləcə də Uve Zeeler (AFR) və Vladislav Jmudaya çatıb.

Qeyd edək ki, dünya birinciliklərində daha çox oynamış 4 futbolçu var. Lotar Mateus 25, Miroslav Kloze 24, Paolo Maldini və Lionel Messi isə DÇ-lərdə hərəyə 23 matç keçiriblər.

Ronaldo Qətərdə keçirilən dünya çempionatında antirekorda da imza atıb. O, bu mundialda ən çox oyundankənar vəziyyətə düşən futbolçudur. 37 yaşlı hücumçu 7 dəfə belə halla üzləşib. Təcrübəli forvard son olaraq İsveçrə ilə matçda belə uğursuzluqla üzləşib. O, hətta 83-cü dəqiqədə topu qapıdan keçirsə də, qol hesaba alınmayıb.

Bu göstəriciyə görə İspaniya yığmasının futbolçusu Alvaro Morata ikinci sıradadır. 30 yaşlı hücumçu 5 dəfə ofsayda düşüb.

Xatırladaq ki, Portuqaliya 1/4 finalda Mərakeşlə üz-üzə gələcək.

Bənzər xəbərlər