"Sabah"dan ilk transfer
“Sabah” basketbol klubu mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib.
Klubdan Msport.az-a verilən məlumata görə, Azərbaycan millisinin əsas heyət üzvü Endər Poladxanlı ilə 1 illik müqavilə bağlanıb.
2022/2023 mövsümündə “Sərhədçi”də çıxış etmiş oyunçu 499 xal, 184 ribaund və 103 assistlə komandasının liderlərindən olub.
Qeyd edək ki, Endər Poladxanlı 2022-ci ildə Türkiyənin Konya şəhərində keçirilmiş İslam Həmrəyliyi Oyunlarında basketbolun 3×3 növündə gümüş medal qazanıb. 2016-cı ildə San-Marinoda təşkil olunan Avropa Çempionatının C divizionunda U-18 millisinin heyətində qızıl medal əldə edib. Komandanın kapitanı olaraq təşkilatçılar tərəfindən çempionatın ən yaxşı oyunçusu (MVP) adına layiq görülüb.
Avropada da oyun təcrübəsinə malik olan basketbolçu “Şole” klubunun heyətində gənclər arasında Fransa çempionatının qalibi olub.