Sabiq futbolçusundan "Qarabağ"a vacib xəbərdarlıq
“Adətən güclü komandalar zəif rəqiblərlə oyunlarda “ilişirlər”.
Bunu Msport.az saytına açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Əfran İsmayılov deyib.
Ağdam klubunun UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllütariq “Linkoln”u ilə düşməsinə münasibət bildirən veteran yarımmüdafiəçi bu cür matçlarda konsentrasiyanın istənilən səviyyədə olmadığını söyləyib:
“Düzdür, “Qarabağ” peşəkar komandadır, inanmıram, belə bir şey olar. Amma nə qədər ciddi hazırlaşsan da, zəif rəqibə qarşı lazımi konsentrasiya ilə oynaya bilmirsən. Nəticədə böyük çətinliklər yaranır. İnşallah, “Qarabağ”da belə olmaz, istədiyi oyunu sərgiləyər və sonda qruplara qalar. Arzumuz budur ki, komanda bir daha həmin tarixi təkrarlasın. Bizim vaxtımızda “Qarabağ” “Roma”, “Çelsi” və “Atletiko” ilə eyni qrupa düşmüşdü. Oranın atmosferi tamam başqadır. Bu da bir tarixdir”.
Qeyd edək ki, “Qarabağ” ilk oyunu 11-12 iyulda səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.







