featured-image-28594

Samir Abasov yenə mətbuat konfransında səsləndirdiyi fikirlə diqqət mərkəzinə düşməyi bacardı. “Qəbələ” ilə oyunda 2:0-lıq üstünlüyü qoruyub saxlaya bilməyərək 2:3 uduzan “Sumqayıt”ın baş məşqçisi məsuliyyəti öz üzərinə götürdü. O, “etdiyim əvəzləmələr oyunumuzu məhv elədi. Məğlubiyyətin günahkarı bilavasitə mənəm” deməklə hər kəsi sakitləşdirməyə çalışdı. “Azarkeşlər, rəhbərlik, səhvimi anlayıram, çox da üstümə gəlməyin, vəziyyəti başa düşürəm” mesajı verməyə çalışdı sanki. Belə açıqlamanı dünən məşqçiliyə başlayan adam versəydi, bəlkə də başa düşmək olardi, daha 8 ildir bu sahədə saçını ağardan, “Neftçi”ni çempion edən Abasov yox.

Əgər “Sumqayıt”ın çalışdırıcısı dəyişiklər zamanı etdiyi səhvdə Rüfət Abdullazadəni nəzərdə tutursa, günah yenə də onun özündədir. Rüfət ötən il komandanın aparıcı futbolçularından biri idi. Lakin Abasovun gəlişindən sonra nədənsə, o, az şans qazanmağa başladı. 22 yaşlı yarımmüdafiəçi “Qəbələ” ilə oyuna qədər son 5 matçda meydana çıxmamışdı. Özü də səbəb zədə filan da deyildi, sadəcə baş məşqçi belə istəyirdi. Həmin baş məşqçi “Qəbələ” ilə görüşün 66-cı dəqiqəsində oyun təcrübəsinin azlığından əziyyət çəkən Rüfətə şans verir. Hətta gənc oyunçunun fərqlənmək üçün yaxşı imkanı da var idi və məncə, həmin epizodda o, hər şeyi düz etmişdi. Sadəcə zərbəsindən sonra top dirəkdən qayıtdı.

“Sumqayıt” ən pis halda 1 xal qazana biləcəyi görüşdə ağır məğlubiyyətlə üzləşdi. Növbəti tur isə “gənclik şəhəri”nin komandası Qəbələdə “Kəpəz”lə üz-üzə gələcək. 2:0 öndə olduğu matçda uduzan futbolçuların psixoloji durumunun qaydasında olmasına heç kim təminat verə bilməz. Bəlkə də hələ mövsümün sonuna kimi “Sumqayıt” futbolçuları “Qəbələ” ilə görüşü kabus kimi tez-tez yuxularında görəcəklər.

AYXAN 

Bənzər xəbərlər