Şəhriyar Məmmədyarov Azərbaycan çempionatında iştirakını təsdiqlədi
Azərbaycanın tanınmış şahmatçısı Şəhriyar Məmmədyarov 2025-ci ildə təşkil olunacaq ölkə çempionatında iştirak edəcək.
Msport.az xəbər verir ki, bu barədə 39 yaşlı qrossmeyster sosial şəbəkə hesabında məlumat verib.
O, ölkə birinciliyində iştirakını təsdiqləmək üçün müqavilə imzaladığını bildirib: “Ümid edirəm ki, ölkənin bütün aparıcı şahmatçıları bu turnirdə iştirak edəcəklər. Bizi çox maraqlı yarış gözləyir. Ümid edirəm ki, ildən-ilə Azərbaycan birinciliyinə dəstək artar. Bu ilin başlanğıcında söz vermişdim ki, ölkə çempionatına qatılacağam. 2025-ci ildə keçiriləcək turniri səbirsizliklə gözləyirəm. Gənc və aparıcı şahmatçılarımızla oynayacağım üçün çox şadam”.
Qeyd edək ki, Ş.Məmmədyarov tarixdə gənclər arasında ikiqat dünya çempionu tituluna sahib olan yeganə kişi şahmatçıdır. O, Azərbaycan milli komandasının tərkibində Avropa çempionatının üçqat qalibi, sürətli şahmat üzrə dünya çempionudur.