featured-image-10964

İllərdir konkret hədəf göstərmədən, ad çəkmədən guya, tənqidlə məşğul olan Orxan Fikrətoğlu deyəsən, yavaş-yavaş anlayıb ki, millət artıq bu cür monoloqlara baxmır. 2022-ci ildir, indi tamaşaçını Xeybərlə, köhnə azərbaycanlı ilə aldatmaq mümkün deyil. Belə dəmdə Milli Kulinariya Mərkəzinin baş direktoru Orxan Fikrətoğlu bəzi şou- biznes nümayəndələri kimi düşünüb ki, necə gündəmə gəlsin.

Onun “Azərbaycanda idman jurnalistikası demək olar ki, yox imiş… Çoxu kiminsə cibindədir, çoxu kimisə tərifləyir və ya sifariş alaraq söyür” fikrinə münasibət bildirmək istəmirəm. Dünəndən bu haqda çox yazılıb, çox danışılıb. Orxan müəllim ən azı qonorar aldığı, hər gün efirə çıxdığı İTV-yə hörmət etməlidir. Çünki bu kanalda ölkə idmanında öz dəsti-xətti ilə seçilən, böyük nüfuzu olan, indiyədək heç kimin sifarişlə işlədiyini iddia edə bilməyəcəyi həmkarlarımız – Tural Dadaşov, Kənan Hakimov çalışır. Təəssüf ki, o, birinci növbədə hər gün üz-üzə gəldiyi bu insanlara şər atır.

“Zorxana” layihəsi ilə məşhurlaşan Orxan müəllimin futboldan danışarkən zorlandığı elə ilk cümlələrdən hiss olunur. Adamın “milliləşdirmə” sistemi necə həyata keçirilir, FİFA-nın bununla bağlı prosedur qaydaları necədir –  bütün bunlardan zərrə qədər xəbəri yoxur.

Deyir “Qarabağ”ın futbolçularını milliyə dəvət etsinlər. Sən Allah, Tural, Kənan, siz yaxındasız, onun yadına salın ki, yığmamızın son oyunlarına Ağdam klubunun 9 üzvü dəvət alıb!

Orxan Fikrətoğlu “Şamaxı” klubunun İdarə Heyətinin üzvü olsa da, hələ bir dəfə də onu komandanın oyunlarında görməmişik. Hətta “Şamaxı” mövsüm öncəsində təqdimat edib bütün İdarə Heyəti üzvlərini, media nümayəndələrini bir yerə yığanda bildiyim qədər, dəvət edilsə də, Orxan müəllim özünə əziyyət verib rayona gəlməmişdi.

Bəzən efirdə gördüyümüz, sevdiyimiz insanları həyatda tanıdıqca böyük məyusluq yaşayırıq. Yəni bu, o adamdır? Yəni mənim mavi ekranda sevdiyim, hörmət bəslədiyim şəxs bunu edə bilər? Təəssüf ki, çox vaxt belə də olur.

Hər kəs öz bildiyi, anladığı işdən yazanda, danışanda daha sanballı olur. Düzdür, indi baxırsan ki, bir millət vəkili futboldan tutmuş, Şah İsmayıla, Babəkə, televiziyaların proqram siyasətinə kimi hər şeyə fikir bildirir. İndi Orxan müəllim də deyəsən, onun yolu ilə getmək istəyir.

Mənim ağız dadım yaxşıdır, özüm də yalan olmasın, həftədə bir dəfə yeyib-içmək məclislərindəyəm, amma qələt edib Milli Kulinariya Mərkəzinin baş direktoru ilə bozbaşın hazırlanma qaydasından, pitinin necə yeyilməsindən, lüləyə nə qədər soğan vurulmasından mübahisə edərəm. Bu ölkədə hamı başını aşağı salıb öz işini görsə, nə vardı ki.

ELNUR MƏMMƏDLİ 

Bənzər xəbərlər