Stolüstü tennisçilərimiz növbəti mərhələdə
Azərbaycanın stolüstü tennisçiləri İsveçin Malmö şəhərində təşkil olunan yeniyetmə və gənclərin Avropa çempionatında növbəti mərhələyə yüksəliblər.
Stolüstü Tennis Federasiyasından Msport.az-a verilən məlumata görə, şəxsi yarışlarda Mərziyyə Nurmətova, Aylin Əsgərova, Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə və Yağmur Məmmədli qrup mərhələsini adlayaraq pley-offa vəsiqə qazanıblar.
Mərziyyə Nurmətova-Aylin Əsgərova tandemi isə qoşa yarışlarda 1/32 finalda Almaniyanı, 1/16 finalda isə Çexiyanı məğlub edərək 1/8 finala yüksəliblər. Stolüstü tennisçilər bu mərhələdə yarışın əsas favoritlərindən sayılan Rumıniya komandası ilə qarşılaşacaqlar.
Qeyd edək ki, Azərbaycan U-15 və U-19 kateqoriyasında keçirilən Avropa çempionatında 12 idmançı ilə təmsil olunur. İyulun 21-də yekun vurulacaq turnirdə 40-dan çox ölkə mübarizə aparır.