featured-image-34653

“Sumqayıt”ın yeni transferi İsa Sulimanın Msport.az saytına müsahibəsi

– Bir müddətdir komandanın düşərgəsindəsəniz. Təəssüratlarınız necədir?
– İlk təəssüratlarım çox yaxşıdır. Türkiyədə komandaya qoşuldum və futbolçularla tanış oldum. Bir həftədir Sumqayıtdayam və şəhəri tanımağa başlayıram. Komanda yoldaşlarım məni qarşıladılar. İndi isə mövsümün başlaması üçün həyəcanlıyam.

– “Sumqayıt”a keçidiniz necə baş tutdu?
– Klubun mənimlə maraqlandığını eşitdim. Baş məşqçi ilə danışanda o, mənə klub və layihə haqqında daha ətraflı məlumat verdi. Onun məni “Sumqayıt”a gətirmək istədiyini gördüm. Bu amil məni həyəcanlandırdı. İndi buradayam və komandaya bacardığım qədər kömək etməyi səbirsizliklə gözləyirəm.

– Bu komandanın seçməyinizdə əsas amil nə oldu?
– Əsas səbəb baş məşqçinin məni öz komandasında görmək istəyi oldu. Bir oyunçu həmişə ona güvənən mütəxəssisin yanına getmək istəyir. Həm də klubun layihə və ambisiyalarına görə təklifə müsbət cavab verdim.

– Buraya gəlməmişdən əvvəl Azərbaycan futbolu haqqında nə bilirdiniz?
– Düzünü desəm, gələnə qədər liqa haqqında çox şey bilmirdim. Təbii ki, böyük komandalarınızı tanıyıram. Çünki onlar Avropa yarışlarında oynayırlar. Komanda yoldaşlarıma əlavə suallar verirəm və daha çox öyrənirəm. Çempionat başlayandan sonra komandalar və onların necə oynadıqları ilə daha tez tanış olacam.

– Məsələn, hansı klublarımızı tanıyırdınız?
– Yalnız “Qarabağ”ı tanıyırdım, çünki onlar həmişə avrokuboklarda çıxış edirlər. Amma müqavilə imzalamağa qərar verən kimi bütün komandaları və liqanın formatını araşdırdım. Məsələn, hər klubun bir mövsümdə 4 dəfə bir-biri ilə oynadığını öyrəndim. Bu, mənim üçün yeni bir şeydir.

– Azərbaycanda ingiltərəli futbolçular çıxış ediblər. “Sumqayıt”dan təklif gələndə kimlərdən məsləhət aldınız?
– Əvvəllər “Sumqayıt”da çıxış etmiş bir futbolçu ilə danışdım. O, mənə klub, şəhər və ümumilikdə ölkə haqqında yalnız müsbət fikirlər söylədi.

– Daha əvvəl İngiltərə və Portuqaliyada oynamısınız. Əvvəlki klublardan hansı ilə indiki komandanızın infrastrukturunu və imkanlarını müqayisə edə bilərsiniz?
– Cəmi bir həftədir ki, “Sumqayıt”dayam. Klubun şəraiti çox yaxşıdır. Ən yaxşı səviyyədə çıxış etmək üçün oyunçuya lazım olan hər şey var. Yeni stadionun açılışını da səbirsizliklə gözləyirəm.

– “Aston Villa”nın yetirməsisiniz. Niyə hazırda daha yaxşı liqada deyil, Azərbaycan çempionatındasınız? Karyeranızın inkişafına nə mane olub?
– Hər bir oyunçunun fərqli karyera yolu var. “Sumqayıt”dan təklif gələndə həyəcanlandım və yeni təcrübə istədim. İnanıram ki, Azərbaycan Premyer Liqası rəqabətli çempionatdır. Həm özüm, həm də klubum üçün uğurlu mövsüm olacağına inanıram.

Bənzər xəbərlər