featured-image-34564

“Burada nə var ki? Futbolda belə hallar olur”.

Bunu Msport.az saytına açıqlamasında “Araz-Naxçıvan”ın məşqçisi Əfran İsmayılov “Qarabağ”ın iki oyunun (2:3, 1:2) nəticəsinə əsasən “Rakuv”a məğlub olaraq Çempionlar Liqasında mübarizəni dayandırması barədə danışarkən deyib.

Ağdam klubunun sabiq yarımmüdafiəçisi Polşa çempionunun güclü rəqib olduğunu bildirib: “Yaxşı müdafiə olunub, sürətlə hücuma çıxırdılar. İstəkli idilər, sona qədər dözdülər. Nəticədə “Qarabağ” mərhələni keçə bilmədi. Elə danışırlar ki, sanki hər komandanı rahatlıqla udmalıyıq. Futbolda belə şey yoxdur”.

O, komandanı tənqid edənləri, Qurban Qurbanovu istefaya çağıranları başa düşə bilmədiyini söyləyib: “Azərbaycan futbolunda tarix yazan bir nəfər varsa, o da Qurban müəllimdir. Bir az anlayış göstərmək lazımdır. Başa düşürəm, heyət əvvəlki kimi güclü deyil. Yarımmüdafiədən hücuma keçəndə axsamalar var. Amma baş məşqçinin də dediyi kimi, heyət 60-70 faiz dəyişib, yeni komanda qurulur. Qurban Qurbanovun qazandığı uğurları unutmaq olmaz. Azərbaycanda tarix yazan bir komanda var – o da “Qarabağ”dır. Tənqid, tənqid, tənqid. Belə olmaz”.

İsmayılov azarkeşləri də anladığını vurğulayıb: “Qarabağ”dan çox şey gözləyirlər. Lakin “Rakuv” həqiqətən güclü komandadır. Sıradan rəqib deyildi ki, rahat şəkildə qələbə qazanasan. “Qarabağ” nə qədər üstün oynasa da, intizamlı müdafiəni yara bilmədi. Cəmi 1-2 qol şansı oldu. Məğlubiyyəti bu qədər şişirtməyin mənası yoxdur. Razıyam, transferlər bir qədər gecikdi. Bu da başadüşüləndir. Çünki futbolçu almaq elə də asan iş deyil. Hazırda “Araz-Naxçıvan”dayam. Bir legioneri gətirmək üçün nə qədər dil tökürsən. Hər şey pulla həll olunmur. Digər amillər də var. Üstəlik, “Qarabağ” Avropada adlı-sanlı komanda hesab olunur. Hər oyunçunu götürmək də yaxşı şey deyil”.

Qeyd edək ki, mübarizəni Avropa Liqasında davam etdirəcək “Qarabağ” III təsnifat mərhələsində Finlandiya HİK- i ilə qarşılaşacaq.

Bənzər xəbərlər