featured-image-25434

“Neftçi” yenə qeyri-stabil oynamaqda davam edir. “Ağ-qaralar” 25-ci turda “Turan Tovuz” üzərində parlaq qələbə qazansalar da, növbəti iki oyunu o səviyyədə keçirə bilmədilər. Düzdür, paytaxt klubu səfərdə “Şamaxı” üzərində minimal hesablı qələbə qazandı. Lakin həmin qarşılaşmada belə, Laurentsiu Regekampfın komandasının parlaq oynadığını deyə bilmərik. Rəşad Əzizlinin səhvi və Amil Yunanovun əldən verdiyi epizodlar olmasaydı, hesab fərqli ola bilərdi.

“Neftçi” dünən “Kəpaz” qarşısında da gözləniləni vermədi. meydan sahibləri 2 qol vursa da, Gəncə klubu daha yaxşı təsir bağışladı. “Kəpəz” Abdulla Rzayev, İdris İnqlablı, Elçin Əlicanov kimi gənclər,  növbəti qayıdışına qədər futboldan kənarda qalmış Tural Rzayev kimi oyunçularla “Neftçi”dən xal aldı.

Regekampfın əlinin altında isə bütün futbolçular var idi və komanda “Kəpəz” qarşısına optimal heyətlə çıxmışdı. Lakin “ağ-qaralar”ın müdafiə xətti yenə bərbad səhvlərlə yadda qaldı. Yusif Nəbiyevin fərqləndiyi 1-ci qolda Tural Rzayev cərimə meydançasına topu ötürərkən Höccət Haqverdi irəli gedib geri qayıda bilmədi. Aylarla deyilir ki, “Höccətdən cinah müdafiəçisi olmaz, o, irəli-geri işləyən futbolçu deyil”, lakin “Neftçi” rəsmiləri yenə öz bildiklərini edirlər.

Digər tərəfdən 34 yaşlı Voislav Stankoviçin də “mühərriki” artıq çəkmir. Gəncəlilərin 2-ci qolunda serbiyalı müdafiəçi yıxılıb qaldı və vaxtında geri dönə bilmədi. Epizodların birində Fərid Nəbiyev Sezar Meza Kollini elə keçdi ki, sanki master-klass verir. Yeri gəlmişkən, Fərid artıq yavaş-yavaş əvvəlki formasını bərpa edir və gələn mövsüm onu daha iddialı klubda görsək, təəccüblənmərik.

Hiss olunurdu ki, Tərlan Əhmədov keçmiş komandası ilə oyuna daha yaxşı hazırlaşıb. Onun üçün bu görüş prinsipial olduğundan futbolçularını da motivasiya edə bilmişdi. Amma “Kəpəz” “Bakcell Arena”da təkcə döyüşmürdü, qonaqlar daha kreativ, daha rəngarəng oyun göstərirdilər.

Matçdan sonra Regekampf bəyan edib ki, “biz hələ “Sabah”a çata bilərik, mövsümün sonuna var”. Amma necə Əliş? “Sabah” “Kəpəz” kimi elitada qalmaq uğrunda mübarizə aparan “Sumqayıt”a 4 cavabsız qol vurdu, daha sonra isə “Zirə” üzərində inamlı qələbə qazandı. Axı “Sabah” dayanıb gözləmir ki, “Neftçi” 1 xal qazana-qazana, gəlib onlara çatsın.

Dünənki matç da göstərdi ki, “Neftçi”nin Rege seçimi yanlış idi. Qarşısına çempionluq, avrokubokların qrupuna düşmək məqsədi qoyan komanda Rege ilə çox da irəli gedə bilməz. Hələ rumıniyalı məşqçinin Azərbaycan kubokunu qazanacağı da sual altındadır.

ELNUR MƏMMƏDLİ 

Bənzər xəbərlər