featured-image-50564

Azərbaycan parabadmintonçusu İbrahim Əliyev Uqandanın paytaxtı Kampalada keçirilən beynəlxalq turnirdə 2 kateqoriya üzrə gümüş medal qazanıb.

Azərbaycan Badminton Federasiyasından Msport.az-a verilən məlumata görə, dünya reytinqində 14-cü olan, Avropada isə “top-5″də qərarlaşan idmançı kişi parabadmintonçuların şəxsi yarışında A qrupunu lider kimi başa vuraraq uğurlu çıxışının davamını pley-offda da gətirib.

1/4 və yarımfinal görüşlərində də qələbə qazanan İ.Əliyev finalda hindistanlı Jatin Azada 0:2 (14:21,16:21) hesabı ilə uduzub. Parabadmintonçumuz kişilərin qoşa yarışında da qızıl medalın bir addımlığında məğlub olub.

Qrupda 2 qələbə qazanaraq yarımfinala yüksələn İbrahim Əliyev – Karan Paneer (Hindistan) cütlüyü burada 3 setin yekununda Hindistan təmsilçilərinə qalib gələrək finala yüksəlib. Həlledici qarşılaşmada Jatin Azad-Abhijeet Sakhuja (Hindistan) tandemi ilə baş tutan görüş də gərgin mübarizə şəraitində keçib – 17:21, 21:18, 10:21.

Qeyd edək ki, İ.Əliyev Dünya Badminton Federasiyasının illik təqvimində yer alan “Uganda Para Badminton International” turnirində ardıcıl üçüncü il mükafatçılar sırasında yer almağı bacarıb. 2022 və 2023-cü illərdə fərdi yarışda bürünc, qoşa yarışda isə gümüş medal qazanıb.

Bənzər xəbərlər