Utanmasan, oynamağa nə var ki?!
Yenə səhər gözümüzü açanda Azərbaycan yığması kimi komandamız olduğu üçün xəcalət çəkdik. Bir tərəfdə iki matçda buraxılan 9 top, rəqib qarşısında cəmi 60 dəqiqə davam gətirən komanda, hər cür səhvlərlə yadda qalan futbolçular, digər tərəfdə də yaxşı oyun keçirdiyimizi deyən baş məşqçi.
Görəsən, Millətlər Liqasındakı lazımsız oyunlardan sonra tez-bazar De Byazi ilə müqaviləni uzadanlar indi xəcalət çəkirlər? Həmin vaxt Slovakiya, Qazaxıstan üzərində qələbələrdən sonra bəh-bəhlə danışan, “millimizin iri addımlarla irəlilədiyini” deyənlər az da olsa utanırlar? Axı hamı anlayırdı ki, o qalibiyyətlərin heç bir anlamı yoxdur. Yəni bir tək siz bunu başa düşmədiz?
Üç ildir italiyalı məşqçi (ona mütəxəssis deməyə də adamın dili gəlmir) bilmir, kimi hansı mövqedə oynadır, ümumiyyətlə, bu insanın məqsədi, məramı nədir, başa düşülmür. Bilirsiniz, səbəb nədir? Çünki De Byazi ilə müqavilə bağlayanda onun qarşısına heç bir hədəf qoyulmayıb. Eləcə deyiblər ki, “çalışın, yaxşı oynayın”. Azərbaycan yığması bəlkə də onun son iş yeri olacaq. 66 yaşında gəlib özü üçün burda pul qazanır, pensiya həyatını təmin etmək üçün bank hesabını zənginləşdirir. Həmişə mənə maraqlı olub ki, bu adam Albaniya yığmasını Avropa çempionatının final mərhələsinə necə çıxarıb? Düzdür, səbəblərdən biri odur ki, albanların heyəti bizdən qat-qat güclü idi, yaxşı legionerləri var idi. Digər səbəbi isə bu ölkədə işləyən dostlar danışmışdılar, De Byazi Albaniyada olanda onun bütün işlərini köməkçilərindən biri görürmüş. Bunun sadəcə adı gedirmiş və onun da hesabına komanda qitə çmpionatına vəsiqə qazanıb.
Dünən İsveçlə oyunu izləyəndə 1995-2000-ci illər gözümün qabağına gəldi. 30 ilə yaxın vaxt keçib, amma heç nə dəyişməyib. 1999-cu ildə Gimaraeşdə Portuqaliyaya 0:7 hesabı ilə uduzanda da, meydan sahibləri 5 qolu 70-ci dəqiqədən sora vurmuşdular. 2005-də Polşaya 0:8 məğlub olanda da, 5 qolu 63-cü dəqiqədən sonra buraxmışdıq.
Yəni illər keçir, amma hər şey yenidən təkrarlanır. Bütün dünya – Farer adaları, Lüksemburq, Qazaxıstan kimi komandalar hamısı futbol oynamağı öyrənməyə başladı, bir bizdən başqa. Günah De Byazidən də çox futbolu idarə edən şəxslərdədir. Sanki illərdir onlar qəsdən hamının bildiyi və doğru olan işi görmürlər. İllərdir deyilir, komandaların sayını artırmaq lazımdır, bölgələrdə futbol olmalıdır, milliləşdirmə dayanmalıdır – AFFA indi hələ buna reaksiya verir. İndi isə hamı bilirdi ki, De Byazi ilə davam etmək olmaz, amma yenə də onunla müqavilə bağlandı. İddia etmirəm ki, kimsə gəlib bu komandanı dünya çempionatına çıxaracaq. Amma 4-5 top buraxmaqdırsa, bunu elə aylıq 5-6 min manat verib yerli gənc məşqçilərdən biri ilə də etmək olar.
Adamı ən çox da yandıran odur ki, məşqçi oyundan sonra çıxıb hər kəsin üzünə deyir ki, “yaxşı oynadıq”. Bu adamın üzünə var-yoxunu söyməkdən də betərdir. Yəni siz bilmirsiz, qanmırsız yaxşı oyun belə olur. Bəlkə də demək istəyir ki, Azərbaycanın yaxşı oyunu budur. Utanmasan, oynamağa nə var ki.
AYXAN