Xaçmazda stadion problemi - Gənclər və İdman Nazirliyi də məsələni həll edə bilmir
“İki yüz min əhali yaşayan Xaçmaz rayonunda cəmi bir stadion var. Xaçmaz Olimpiya İdman Kompleksinin həmin meydançası da ölçülərinə görə standarta uyğun deyil”.
Msport.az xəbər verir ki, bunu sosial şəbəkədə jurnalist Elxan Yusifli yazıb. O, uşaqların idmanla məşğul olması üçün normal şəraitin olmadığını qabardıb:
“Ot örtüyü də yox kimidir. Yenə sağ olsunlar ki, uşaqların pulsuz məşq keçməsinə şərait yaradırlar. Paltardəyişmə otaqlarından istifadəyə də icazə verilir.
Gənclər və İdman naziri Fərid Qayıbov yeni təyin olunanda rayondakı idman qurğuları ilə tanış olan zaman kompleksdə oldu. Nazirə məlumat verildi ki, bu Xaçmazda yeganə stadiondur. Təklif olundu ki, ot örtüyü süni örtüklə əvəz edilsin, stadionun ölçüləri də standarta uyğunlaşdırılsın. Təklif müsbət qarşılandı. Bildirildi ki, stadiona mutəxəssislər gəlib baxacaqlar. Amma həmin vaxtdan xeyli keçsə də, gələn olmadı. Sonra Xaçmazın futbol ictimaiyyətinin bir qrup üzvü nazirliyə məktub yazdı. Həmin məktub da yerli Gənclər və İdman idarəsinə yönləndirildi. Məsələ bununla bağlandı.
Stadion başqa məqsədlər üçün istifadə ediləndə uşaqların məşq keçməyə yeri olmur. Bu yaxınlarda idmandan qabiliyyət imtahanı keçirilirdi deyə stadion iki gün uşaqların üzünə bağlandı. Bu günlərdə Xaçmaz və Şabranda yanğınları söndürməyə gələn helikopterlər də yanacaq doldurmaq üçün kompleksin meydançasına endilər. Bu səbəbdən də normal məşq keçmək mümkün olmadı. Rayon çempionatının final oyunu keçiriləcək deyə bir neçə gün uşaqların məşqləri təxirə salınmalı oldu. Sadaladıqlarım da vacib məsələlərdir. Ona görə də mütləq alternativ variantlar olmalıdır.
Xaçmazın rayon mərkəzində əvvəllər iki böyük stadion olub. Birinin yerində məktəb tikilib. Qalan ərazi isə həyətyanı torpaq sahəsi kimi əhaliyə paylanılıb. İkinci stadionun yerində isə polis şöbəsi üçün inzibati bina tikilib. Orda da qalan ərazi həyətyanı torpaq sahəsi kimi sakinlərə paylanıb”.