“Zirə”yə texniki məğlubiyyət verildi
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Msport.az xəbər verir ki, iclasda I Divizionun VIII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“İmişli” – “Zaqatala” oyununda “Zaqatala”nın protokolunun gecikməsi səbəbi ilə “Zaqatala” klubu 80 manat cərimə olunub. Meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” klubunun əməli ilk dəfə törətdiyi nəzərə alınaraq kluba xəbərdarlıq edilib.
“Şamaxı-2” – “Neftçi-2” oyununda “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. “Şamaxı”nın futbolçusu Asim Əlizadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Turan Tovuz-2” – MOİK oyununda “Turan Tovuz”un 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. MOİK-in futbolçusu Elşən Veysov təcavüzkar davranışa görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub.
“Qəbələ-2” – “Araz Naxçıvan” oyununda “Araz Naxçıvan”ın 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Araz Naxçıvan” klubu 80 manat cərimə olunub.
“Zirə-2” – “Mingəçevir” oyununda “Zirə” matç zamanı əvəzetmə qaydası ilə bağlı nəzərdə tutulmuş limiti pozduğuna görə bu komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib və klub 400 manat cərimə olunub. Oyunöncəsi iclasda stadion xidmətinin nümayəndəsi iştirak etmədiyi üçün “Zirə-2” komandası 80 manat cərimə olunub. Oyunöncəsi iclasda nəzarət buraxılış xidməti nümayəndəsi iclasa gecikdiyi üçün “Zirə-2” komandası 40 manat cərimə olunub.