34 dəqiqəyə 3 top və ya "Sabah" bizi şirin xəyallardan ayıltdı
“Yoxlama oyunlarında nəticə önəmli deyil, əsas məsələ mövsümə yaxşı hazırlaşmaqdır”. Hazırlıq dönəmində ən çox eşitdiyimiz cümlə yəqin ki, budur. Amma digər tərəfdən heç bir məşqçi uduzmaq istəmir, bu da danılmaz faktdır.
Dünən “Sabah” Almaniyanın “Sankt-Pauli” klubu ilə yoxlama oyununda üz-üzə gəldi. Almanlar 34 dəqiqəyə Murad Musayevin komandasının qapısına 3 top vurdu. Yekunda isə Azərbaycan təmsilçisi rəqibinə 1:4 hesabı ilə uduzdu. Bu oyun həm səviyyə fərqini ortaya qoydu, həm də “Sabah” barədə həddindən artıq tez xəyallara daldığımızı göstərdi.
Tez-tez sosial şəbəkələrdə, hətta həmkarlarımızın statuslarında “Sabah”ın bu mövsüm UEFA Konfrans Liqasında qrupa düşmək şanslarından bəhs edilir. Tələsmirik ki? Bəlkə bir az yavaşıyaq? Məncə, “Sankt-Pauli” ilə matç bizi qəflət yuxusundan ayıltmalıdır. Fabian Hürzelerin çalışdırdığı komanda ötən mövsüm II Bundesliqada 5-ci yeri tutub. II Bundesliqa heç də zəif çempionat deyil, amma o da var ki, Konfrans Liqasının qrupuna düşmək üçün ondan da güclü rəqiblərlə qarşılaşmalı olursan.
“Sabah” ötən mövsüm yaxşı təsir bağışladı, “Neftçi”ni qabaqladı, “Qarabağ”la başabaş mübarizə aparmaq istədi. Bu öz yerində. Lakin sizcə, Murad Musayev və onun futbolçuları həddən artıq çox tərif eşitmədilər ki? Axı arxı tullanmamış “hop” deməzlər. Əsas odur ki, “Sankt-Pauli” ilə oyunun nəticəsi “Sabah”ı şirin xəyallardan ayıltsın.
Bəzən çox tələsirik, bu təkcə “Sabah” nümunəsində belə deyil. “Qarabağ”ı da vaxtından əvvəl Çempionlar Liqasının qrupunda görürük, bu baş verməyəndə isə çox məyus oluruq. Ağdam klubunun “Viktoriya Plzen”lə ÇL-in pley-mərhələsindəki görşünü yəqin ki, xatırlayırsınız. Həmin oyundan da əvvəl əksəriyyət Qurban Qurbanovun komandasına xəyali olaraq qrupda rəqiblər seçirdi. Son nəticədə “Viktoriya” ultramüdafiə futbolu ilə Azərbaycan çempionundan üstün oldu.
İndi təxminən “Sabah”la da bağlı oxşar hadisələr yaşanır. Murad Musayev yaxşı məşqçi, “Sabah” yaxşı komanda ola bilər. Amma reallığı da nəzərə də almalıyıq. 34 dəqiqəyə 3 top burxan (yoxlama oyunu olsa belə) klubu qrupda təsəvvür etməklə, çox irəli getmiş oluruq.
AYXAN







