featured-image-33303

Dünən “Araz Naxçıvan”ın yeni rəhbərliyi açıqlandı. Komanda Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında “Turan Tovuz”la ilk yoxlama oyununa da çıxdı. Düzdür, nəticə (1:5) “qırmızı-ağ” rəngli klub üçün uğurlu olmadı. Amma nəzərə almaq lazımdır ki, komanda yeni yığılır və baş məşqçi Azər Bağırovun sərəncamında o qədər də çox futbolçu yoxdur.

Bəs Tovuz təmsilçisi ilə görüşdə “Araz Naxçıvan”da tanıdığımız simalardan kimlər var idi? Ötən mövsümü “Səbail”də keçirən Turan Manafov və Ruslan Hacıyev “Araz”ın heyətində yer alıblar. Bundan başqa, “Kəpəz”də icarə əsasında oynayan və pis təsir bağışlamayan gənc Abdulla Rzayev də hazırda Naxçıvan klubundadır. I divizionda “Araz”da oynayanlardan təcrübəli Vadim Abdullayev kapitan sarğısını daşıyır. Orxan Əliyev də “Araz”dadır. Komandanın düşərgəsində yalnız bir legioner – bosniyalı qapıçı Semir Bukiç var.

“Araz” çempionata hazır görünməsə də, komandada heyəti qurmaq baxımından ciddi işlər gedir. Deyilənə, görə, legionerlərin cəlb olunması üçün yaxşı büdcə ayrılıb. Premyer Liqanın debütantı aylıq maaşı 10-15 min dollar olan əcnəbilərlə heyəti gücləndirməyə çalışır.

“Araz Naxçıvan” yəqin ki, ilk oyunlarını “Dalğa Arena”da keçirəcək. Çünki Naxçıvan stadionunda yenidənqurma işləri gedir.

Məşqçilər korpusuna gəlincə, Azər Bağırova qardaşı Araz, Əfran İsmayılov, Rail Məlikov, qapıçılar üzrə mütəxəssis Ramiz Kərimov və fiziki hazırlığa diqqət yetirən Miloş Yevtiç kömək edir.

Debütant üçün çempionatın ilk turları çətin keçəcək. Lakin  komanda yaxşı legionerlər hesabına tədricən autsayder olmaqdan qurtula bilər.

AYXAN

Bənzər xəbərlər