featured-image-26559

Avro-2024-ə rüsvayçı nəticələrlə başlayan milli komandamızın məşqçilər korpusunun nə düşündüyü çox maraqlıdır. Baş məşqçi Canni De Byazi İsveçlə matçdan (0:5) sonra “yaxşı oynadıq” deməklə hamının əsəblərini tarıma çəkdi. Sanki italyan belə deməklə bütün azarkeşlər, futbol ictimaiyyəti ilə məzələnir. Bəlkə də yaxın günlərdə çıxıb deyəck ki, “mənim fikirlərim düzgün anlaşılmayıb”.

De Byazinin köməçisi Arif Əsədov “Report”a müsahibəsində ilk iki oyun barədə ətraflı danışıb. Əsədov deyir ki, “həm Avstriya, həm də İsveçə qarşı 60-65 dəqiqə heç də pis oyun göstərmədik”. 

Arif müəllim, bəli, təəssüf ki, futbol 90 dəqiqəlik oyundur və hələ ki FİFA bu idman növünün vaxtının azaldılması barədə düşünmür. Komandanı sona qədər mübarizə aparmağa alışdırmaq əvəzinə, deyirlər 60-65 dəqiqə yaxşı oynadıq. Mənim nəyimə gərəkdir, 60-65, əsas hesabdır, nəticədir.

Daha sonra yığmamızın məşqçisi səviyyə fərqinin hiss olunduğunu qabardır: “Futbolçuları İngiltərə Premyer Liqası, Almaniya Bundesliqası kimi çempionatlarda çıxış edirlər. Məsələn, Millətlər Liqasındakı görüşlərdə buraxılan səhvləri rəqiblər bağışlayırdılar. Amma burada daha usta komandalarla qarşılaşdığımız üçün onlar səhvi bağışlamadılar”.

Səviyyə fərqini anladıq, amma futbolun da gözəlliyi ondadır ki, gözlənilməz nəticələr qeydə alınır, sensasiyalar olur. Ümumiyyətlə, indi qitənin demək olar ki, bütün komandaları normal futbol oynamağı öyrəniblər. Necə olur ki, Qazaxıstan 0:2 uduzduğu görüşdə Danimarkanın qapısına 3 top vura bilir? Axı Qazaxıstanın da futbolçuları Premyer Liqada, Bundesliqada çıxış etmirlər. Qazaxıstan çempionatının səviyyəsi bizim liqadan da güclü olmaz. Demək, məsələ heç də təkcə ustalıq səviyyəsində deyil. Can qoymaq, mübarizə aparmaq və ağıllı taktika ilə rəqibdən xal almaq olar, daha bizim kimi yox.

A.Əsədov fərdi səhvləri qabardaraq futbolçuların Avstriya, İsveç kimi rəqiblərlə görüşdə sürət baxımından çatdırmadığını bildirib: “Bilirsiniz, bizim çempionatdakı tempdə oynayan oyunçular belə rəqiblərlə qarşılaşdıqları zaman tam fərqli sürət görürlər. Nəticədə fiziki durum aşağı düşür, 65-70-ci dəqiqədən sonra güc tükənir. Güc tükənəndə isə beyində siqnallar işləmir”. 

Amma Əsədov nədənsə, baş məşqçinin heyəti səhv qurmasından danışmır. Demir ki, “Qarabağ”da son vaxtlar heyətə düşməyən Toral Bayramovun sağ vinger mövqeyində nə işi var? Yaxud Ramil Şeydayev niyə birdən-birə sol cinahda peyda oldu? De Byazi Höccət Haqverdidə nə görüb? Axı hamı görür ki, o, cinahda oynaya biləcək müdafiəçi deyil, hücumlara qoşula bilmir. Bir sözlə, onun yeri ora deyil.

Ən maraqlısı da odur ki, yığmamızın məşqçisi deyir ki, “səhvlərdən nəticə çıxarıb daha da irəliləmək barədə düşünürük. Baş məşqçi də İsveçlə matçdan sonra futbolçulara bunu bildirdi”. 

Nəynən Əliş? Nə vaxta qədər? Məgər neçə illərdir eyni nəticələr təkrarlanmır? De Byazi 3 ildir Azərbaycandadır, hələ də heyəti düz qura bilmir. Avstriya ilə görüşdən sonra etiraf etdi ki, gərək Bəxtiyar Həsənalızadənin yerinə Krivotsyuku oynadardım. Eyni səhvər təkrarlanır və heç bir nəticə yoxdur. Nə vaxta qədər?

AYXAN 

Bənzər xəbərlər