featured-image-26810

“Kəpəz” – “Səbail” oyununa baxanda bir anlıq gözümün önünə 1990-cı illərin sonu, 2000-lərin əvvəli gəlirdi. Rusiya çempionatının I dəstəsi, ot əvəzinə palçıq meydan və atletik futbol. Sanki Kamışinin “Tekstilşik” klubu KAMAZ-ı (Naberejnı Çelnı) qəbul edirdi. Bu oyunla bağlı reportaja “Palçıqda döyüş”dən yaxşı başlıq tapmaq olmaz.

Ölkənin ikinci şəhərinin stadionu faciəvi durumdadır. Ümumiyyətlə, Gəncədə son illərdə dağılıb-tökülən təkcə stadion deyil. Şəhərin küçələrində gəzdikcə bozumtul bir auraya düşürsən. Gəncə sakinlərinin əvvəlki icra başçısı Elmar Vəliyevdən hər nə qədər xoşları gəlməsə də, hamı etiraf edir ki, şəhər onun dövründə daha təmiz, daha səliqəli, daha gözəl idi. İndi isə şəhəri taleyin axarına buraxıblar, nə olar, olar.

Dünən ölkə xaricindən kimsə CBC Sport vasitəsi ilə oyunu izləyibsə, təəsüratlarını təsəvvür edirəm. Hərdən mənə elə gəlirdi ki, Afrikanın ən geridə qalmış futbol ölkəsinin çempionatına baxırıq. “Youtube”da bir kadr var, bəlkə rastınıza çıxar. Sadio Mane fasilə dövründə Seneqala öz kəndlərinə gedir və orda uşaqlıq dostları ilə futbol oynayır. Palçığın, gölməçənin içində. “Kəpəz” – “Səbail” oyununa baxdıqca həmin kadrları xatırlayırdım.

media-339481997_607943178048069_4936996447222192159_n

Bütün bu neqativ fikirlərdən sonra bir az da pozitiv məqama – “Kəpəz”in oyununa diqqət yetirək. Tərlan Əhmədovun bu mövsüm hər nə qədər başı qalmaqallardan açılmasa da, gördüyü iş göz qabağındadır. Gəncə klubunun əməlli-başlı oyun dəsti-xətti var. Komanda müdafiədən hücuma çox tez çıxır, futbolçular bir-birlərini yaxşı başa düşürlər. İrəlidə Fərid Nəbiyev, Ayzaya, Junior Martins, Şuaybu gözüyumulu bir-birlərini anlayırlar.

Ayzaya penaltini dəyərləndirə bilməyəndə fikirləşdim ki, artıq oyun çöndü, “Səbail” bu matçdan qalib ayrıla bilər. Lakin meydan sahibləri qısa vaxt ərzində qələbə topunu vurmağı bacardılar. Oyun başa çatdıqdan bir xeyli sonra da azarkeşlər yerlərini tərk etməyib doğma komandalarını alqışlayırdılar. Təsəvvür edin, hələ Gəncədə normal stadion olsa və azarkeş sayına məhdudiyyət qoymasalar, nələr baş verər.

Tərlan Əhmədov oyundan sonra yeni mövsümlə bağlı rəhbərliklə hələ heç nə danışmadığını dedi. Amma Əhmədov mütləq Gəncədə qalmalıdır. Yayda heyəti gücləndirib daha iddialı komanda kimi avrokuboklara vəsiqə verən yerlər uğrunda da oynamaq olar.

Heyəti, maliyyə imkanları “Kəpəz”dən xeyli yaxşı olan “Səbail”də isə gələcəyə ümid görünmür. Şahin Diniyevin gəlişi də komandanı sonuncu yerdən çıxarmadı. Diniyev ötən tur “Turan Tovuz”la oyundan (1:1) sonra Premyer Liqada qalacaqlarına dair inamlı danışsa da, dünən müsahibə verərkən özündə deyildi, şokdan ayılmamışdı. Düzdür, hələ də “Səbail”in elitada qalmaq şansı var və bəlkə də buna nail olacaqlar. Amma komandanın oyunu gələcəyə heç bir ümid vermir. Diniyev heyəti dəyişmədən, cəmi 2 futbolçu transfer etməklə işin məqsədinə çatacağını düşündü, lakin hadisələrin gedişi fərqli oldu. Mahmud Qurbanovdan sonrakı “Səbail” əvvəlki komandadan heç nə ilə fərqlənmir. Bu cür büdcəyə, heyətə rəğmən.

media-WhatsApp Image 2023-04-02 at 12.24.37

P.S. Gəncə stadionundan çıxarkən maraqlı mənzərə ilə rastlaşdım, düz stadionun giriş qapısının yanında at saxlayırlar. Düzü bilmədim, kimindir, atları niyə orda saxlayır. Amma gələcəkdə stadionu cığır meydanı eləsələr, təccüblənmərəm. Zatən qazon da taxıl biçinindən sonrakı əkin sahəsini xatırladırdı.

AYXAN 

Bənzər xəbərlər