featured-image-28439

Sərbəst güləş üzrə millimiz Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında ümumkomanda hesabında 1-ci yeri tutdu. Əlbəttə, yaxşı nəticədir, hətta Rusiya idmançıları turnirdə iştirak etməsələr belə, bu, qələbənin dəyərini aşağı salmır.

Yığmamız qitə çempionatını 2 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurdu. Lakin bu 6 medaldan dördü milliləşdirilmiş idmançıların payına düşür. Bu isə təxminən 70 faiz deməkdir. Bu qədər legioner gətir, maaş ver, bəslə, saxla axırda yenə qızıl medalları – Hacı Əliyevlə ƏIiabbas Rzazadə qazansın.

Özü də sərbəst güləş Azərbaycanda az qala hamının məşğul olduğu, həmişə nəticə verən idman növü olub. 1990-cı illərdə Xırdalanda elə uşaq yox idi ki, yolu Abşeron rayon Uşaq Gənclər İdman Məktəbindən düşməsin. Nə oldu, indi məgər indi yerli gəncləri yetişdirmək belə çətindir?

Azərbaycana ilk Olimpiya medalını da 1952-ci ildə məhz sərbəst güləşçi Rəşid Məmmədbəyov gətirib. Namiq Abdullayev hələ idmançılara qələbə qazandıqları üçün “Sonashi” videomaqnitafonları hədiyyə veriləndə Olimpiya oyunlarında əvvəlcə gümüş, sonra qızıl medala sahib oldu. İndinin özündə Zaqrebdə fəxri kürsünün ən yüksək pilləsinə qalxanlar məhz yeri güləş məktəbinin yetirmələri idi. Bir vaxtlar Dağıstandan bütün güləşçiləri bura gətirib onlara “daydaylıq” edən federasiyanın o vaxtkı vitse-prezidenti Maqomedali Umarov idi. Çoxusuna da özünü şəxsi məşqçi yazdırırdı ki, mükafat alanda qazancı çox olsun. İndi Umarov olmasa da, yenə də hara baxırsan, legioner güləşçilərdir.

Qadınların yarışında Alena Kolesnik və Elis Manolova mükafatçılar sırasına düşə bilmədilər. Gənc Jalə Əliyevə isə Zaqrebdən gümüş medalla qayıdır. Elə bu fakt fedrasiyaya, məşqçilər korpusuna oturub düşünmək üçün yetərli deyilmi? Deməli, bu ölkədə qadın güləşçi də yetişə bilər də. Yadımdadır, Cüdo Federasiyasının əvvəlki rəhbərliyinin dövründə Munxtsedev İçinxorlu və Erdenebat Bazarraqça Monqolustandan gətirilib qadınlardan ibarət millimizə cəlb olunsalar da, illər boyu onların nəticə verdiyini görmədik.

Yaxşı ki, yunan-Roma güləşi üzrə yığmamızın əsasını yerli idmançılar təşkil edir.  Qoy, “klassiklər” lap ümumkomanda hesabında heç “üçlüy”ə düşməsinlər, dünya dağılmır ki? Ən azı bilərik ki, öz uşaqlarımızdır, iş gedir, yeni idmançılar üzə çıxır. Milliləşdirilmiş idmançılardan söz düşmüşkən, elə belə bu faktı da xatırlayım ki, vaxtilə Azərbaycana sərbəst güləş yarışlarında qızıl medal qazandırmış Çamsulvara Çamsulvarayev sonradan İŞİD-ə qoşuldu və 2016-cı il sentyabrında İraqın Mosul şəhərində öldürüldü.

AYXAN 

Bənzər xəbərlər