Ayxan Abbasov komandasını ayıltmalıdır - Yoxsa, 6-cı yer əldən gedə bilər
“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 28-ci turunun açılış oyununda “Sumqayıt”a məğlub oldu. Bu komandalar arasında I dövrədə Sumqayıtda keçirilən görüşün necə gərgin keçdiyini xatırlasaq, prinsipiallığı başa düşmək mümkündür. Ayxan Abbasovun “Sumqayıt”ın prezidenti Riad Rəfiyevlə münasibətlərinin yumuşaq desək, isti olmaması heç kimə sirr deyil. Yəqin ki, buna görə dünənki qarşılaşmadan sonra Ayxan müəllim çox məyus idi.
Tovuz klubu 5 oyundur qalib gələ bilmir. Bəlkə də burda qeyri-adi, hamını təəccübləndirəcək heç nə yoxdur. Axı “Turan” çempionata başlayanda bu komandadan ciddi uğur gözlənilmirdi, Premyer Liqada qalmaq vəzifənin öhdəsindən gəlmək demək idi. Deyəsən, elə son turlardakı uğursuzluğun da əsas səbəbi budur. Düzdür, baş məşqçi komandada arxayınlıq yaranması fikirini yaxına buraxmır, hətta ortaya fakt da qoyub ki, futbolçular qalib gəlib mükafat almaq istəyir. Amma kənardan baxanda da hiss olunur ki, əvvəlki motivasiya yoxdur. Turnir cədvəlindəki yer sanki onları rahatlaşdırıb.
Məncə, səbəblərdən biri də bəzi futbolçularla indidən müqavilələrin uzadılması oldu. Belə baxanda, “Turan” peşəkar baxımdan hər şeyi doğru edir, müqaviləni uzadır ki, sonra kimsə harasa getməsin. Amma dünən kobud səhvə yol verənlərdən biri də elə bu günlərdə anlaşması 1 il artırılan Şəhriyar Əliyev idi. “Onsuz da bir il də burdayam” düşüncəsi futbolçulara da, komandaya da ziyan vura bilər.
“Sumqayıt” artıq “Turan”dan 4 xal geri qalır. Çempionatın sonuna isə hələ 8 tur var, tovuzluların mövsümü 6-cı yerdə başa vuracaqlarına heç kim zəmanət verə bilməz. Ayxan Abbasov komandasını ayıltmalıdır, əks halda çempionatın sonunda çox təəsüflənəcəklər.
AYXAN