"Azad olunub" sözünün altındakı müəmma
“Neftçi”də 2018-ci ildən bəri davam edən Kamran Quliyev dönəmi bu gün rəsmən sona yetdi. Əslində onun bir neçə gün öncə klubdan ayrıldığını yazmışdıq, lakin rəsmi açıqlama bu gün gəldi.
Quliyev 5 il əvvəl bir gecənin içində “Sumqayıt”ı atıb “Neftçi”nin prezidenti postuna gəlmişdi. O vaxt bu hadisə geniş rezonans doğurdu. İndi isə komanda Rusiyadan qayıdan kimi Quliyevi vəzifəsindən azad etdilər. Özü də məhz azad etdilər. Öz ərizəsi ilə, səhhətinə görə və s. səbəblərə imkan vermədən, açıq-aşkar yazdılar ki, azad edilib. Elə bu söz birləşməsi məsələnin nə dərəcədə ciddi olduğunu göstərir.
Sponsorlar ötən mövsümdə yol verilən səhvləri prezidentə bağışlamadı. Komanda “Sabah”dan da geridə qalaraq çempionatda 3-cü yeri tutudu, kubokun finalında isə “Qəbələ”yə uduzdu. Amma azad edilib sözünə baxanda adama elə gəlir ki, məsələ heç də təkcə pis nəticələr deyil. Sanki daha ciddi səbəblər var, yəqin ki, bunun da yaxın vaxtlarda səsi çıxacaq.
Beş gün öncə Kamran Quliyev “Neftçi”nin prezidenti kimi Moskvada “Otkrıtie Arena”da ictimaiyyət qarşısında son şəkillərini çəkdirdi. “Spartak” rəsmisindən klubun formasını hədiyyə alarkən, bəlkə də bu onun “Neftçi” rəhbəri kimi son “qəniməti” oldu.
Ümid edirəm ki, yaxın vaxtlarda səhər yuxudan duranda onu yenidən “Sumqayıt”ın prezidenti kimi görmərik.
AYXAN







