featured-image-37025

Dünya çempionatına döyüşkən heyətlə yollanırıq. Azərbaycan kimi ölkə üçün minimum hədəf elə altı lisenziyadır. Maksimum gücümüzü sərf edib istədiyimizi əldə etməliyik.

Msport.az xəbər verir ki, bu sözləri sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Xetaq Qazyumov sentyabrın 16-dan 24-dək Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatı ilə bağlı danışarkən deyib.

O, qeyri-olimpiya çəkisində gənclərə daha çox önəm verdiklərini bildirib: “Olimpiya çəkisində isə iddialı idmançılarımız var. Misal olaraq, Əliabbas Rzazadə (57 kiloqram) Avropa çempionudur, ondan uğurlu nəticə gözləyirəm. Hətta lisenziya qazanacağına inanıram. Hacı Əliyev (65 kiloqram) çox yaxşı formadadır. Ondan da çox yaxşı nəticə gözləyirəm. Turan Bayramov da üzərində çox işləyir. 74 kiloqramda 23 yaşadək güləşçilər arasında Avropa çempionu olub. O da ən azı lisenziya qazana bilər”.

40 yaşlı mütəxəssis digər güləşçilərdən Abubakr Abakarov (86 kiloqram), Maqomedxan Maqomedov (97 kiloqram) və Georgi Meşvildişvilidən (125 kiloqram) də dünya çempionluğu gözlədiyini vurğulayıb: “İstər olimpiya, istərsə də qeyri-olimpiya çəkilərində maksimum nəticəni hədəfləyirik. Bunun üçün güləşçilərimiz xarakter nümayiş etdirməli və görüşlərə yüksək motivasiya ilə çıxmalıdırlar. Əlbəttə, rəqiblər güclüdür. Ancaq bizim üçün ən vacibi özümüzük. Hansısa komandanın bizə mane olacağı barədə düşünmürük. Təbii ki, güclü idmançılar var. Lakin bizə onların heç bir təsiri olmamalıdır. Əlimizdən gələni edib, Olimpiya Oyunlarına lisenziya qazanmalıyıq”.

Bənzər xəbərlər