"Bəzən bu cür sualları anlamıram" - Valdas Dambrauskas
“Sabah” Azərbaycan Premyer Liqasının VII turunda səfərdə “Neftçi” qolsuz bərabərə qalıb.
Msport.az xəbər verir ki, qonaqların baş məşqçisi Valdas Dambrauskas mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Komandanız bu gün 1 xal qazandı, yoxsa 2 xal itirdi?
– Çox yaxşı sualdır. Bu mərhələdə bunlardan danışmaq tezdir. Bəzən itiridiyin xalları geir qaytara bilərsən. Cəmi 6 oyun keçirmişik, qarşıda 27 matçımız var. İki güclü komanda bir-biri ilə qarşılaşdı. Oyun bir az çirkin oldu, daha gözəl görüş görmək istəyərdik. Bəzən bir, bəzən digər komanda üstünlük əldə edirdi. Mənim üçün gözlənilən hadisədir. Fasilədən sonra futbolçular bəzən oyun ritmini itirirlər. Bəzi futbolçular bu oyuna qədər bizimlə cəmi bir məşqə çıxmışdı. Çalışmalıyıq ki, oyun ritmimizi geri qaytaraq “Slaviya” ilə çətin matça hazırlaşaq.
– “Slaviya” ilə matçdan öncə nəyə görə bu oyunun təxirə salınmasını istəmədiniz?
– Bu doğru deyil. Bu oyunu təxirə salsaq, gərək “Borussiya”, “Barselona” ilə matçdan əvvəl də oyunumuzu təxirə salaq. Bu, mümkün deyil, lazım deyil. Heyətimiz kifayət qədər genişdir və mübarizə apara bilərik. Hər oyundan qabaq böyük hazırlıq olur. Çalışmalıyıq ki, daha da artıraq.
– Belə ağır oyundan sonra ÇL matçına hazırlaşmaq çətin olmayacaq?
– Bəzən bu cür sualları anlamıram. Çətin olsa da, olmasa da, bu, mənim vəzifəmdir, onu yerinə yetirməliyəm. Həyatda hər kəs çətinliklə qarşılaşır. Siz də mətbuat konfransına gəlirsiz, öz yazınızı yazırsız. Amma hər kəs öz işini görməlidir. Nəticə yaxşı olanda düşünürlər ki, iş asandır.
– Premyer Liqada 12 komanda arasında milli fasilədə yoxlama görüşü keçirməyən yalnız siz olduz. Umarali Raxmonaliyev, Aleksey İsayev və Coy-Lens Mikels start heyətində deyildi. Bunun səbəbi nə idi?
– Mən hər zaman istəyirəm ki, fasilə zamanı bizimlə qalan oyunçulara daha çox şans verim. Çünki milliyə gedənlər yorğun ola bilərlər. Özüm nəzarət etdiyim şeylərə daha çox güvənməyə çalışıram. Sol cinah müdafiəçimiz Timateuş Puxaç xaric start heyətində olan hər kəs fasilədə bizimlə idi. Xaybullayev isə 3 məşqdə iştirak etmişdi. Onlara bu gün fürsət verdik.
– Ötən mövsüm də “Neftçi” ilə buradakı matç 0:0 hesabı ilə başa çatmışdı, avrokuboklarla daha erkən vidalaşmışdınız. Bu mövsüm isə avrokuboklarda da oynayırsız. İşiniz daha da ağırlaşıb?
– Əlbəttə, bu, bizim üçün böyük xəyal idi. Çətin və ya asan olduğunu desəm, nəyisə dəyişməyəcək. Keçən mövsüm avrokubokları erkən bitirmişdik. Ötən mövsüm çempionatın ilk turlarında 5 xal itirmişdik. Bu mövsüm isə 6 turdan sonra cəmi 2 xal itirmişik. Şikayət edə bilmərik.
– 1 xal qazandığınıza görə, demək olar ki, oyunun qəhrəmanı Stas Pokatilovdur?
– Oyunların qəhrəmanları barədə siz özünüz qərar verirsiz.







