"Bir şeyə əminəm, alnım açıqdır..." - Ayxan Abbasov
“FIFA Series 2026” çərçivəsində keçirilən Azərbaycan – Sent Lüsiya oyunundan (6:1) sonra millimizin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin önünə çıxıb.
Msport.az xəbər verir ki, o, əvvəlcə oyunla bağlı fikirlərini bildirib.
– Bu hava şəraitində bizi tək qoymayan azarkeşlərə təşəkkür edirəm. Belə havada oynamaq ağırdır. Hər iki komanda çətinlik çəkirdi. Buna baxmayaraq, futbolçuların işi, diqqəti, qol vurmaq istəyini gördük. Özünə inam üçün bu hal sevindiricidir. Heyətdə yeni adlar var idi. Bundan sonrakı oyuna vaxtımız azdır. Hazırlaşırıq. Qalib gəlmək istəyirik. Rəqib daha güclü, yaxşı komandadır. Yaxşı nəticə ilə azarkeşlərimizi sevindirmək istəyirik.
– Bu oyun bizim milliyə nə verdi və nəyi görmək istəyirdiz, nə gördünüz?
– Bundan əvvəlki oyunlarımızın hamısı çox ciddi rəqiblərə qarşı idi. Millidəki futbolçuların döyüşkənliyi ilə öyünürdük. Bilirik ki, Millətlər Liqasında qalib gəlməliyik. Bu gün futbolçuların qol vurmaq, qələbə istəyi var idi. Millinin oyunlarında nəticə önəmlidir. Hər xal, hər statistika vacibdir.
– Nə üçün futbolçular oyuna Azərbaycansayağı yanaşırdılar. 4:1 öndə olsaq da, futbolçu rəqib meydançada simulyasiya edirdi…
– Bu, düzgün fikir deyil. Bu gün hava şəraitini nəzərə almaq lazımdır, meydan sürüşkən idi. Millətlər Liqasında heç bir futbolçunu itirmək istəmirik.
– Çoxlu dəyişikliklər oldu. Optimal heyəti tapmaq istəyirdiniz, ya hamıya şans vermək?
– Hamıya şans vermək, görmək istəyirik. Komandada rəqabət var. Heyətdə dəyişiklik ola bilər. Zədələr məsələsi də var. Bəzi futbolçuların forması daha yaxşıdır. Hər kəsi görürürük. Bugünkü oyun əlavə şans idi.
– Son 24 saat ərzində sizə qarşı olan tənqidlər oyuna hazırlığa mane olmurdu?
– Diqqəti qorumaq lazım idi. Çox da bu məsələyə köklənmirdik. Tənqidləri normal qarşılayıram. Açıq fikirliyiksə, hər kəs bəyənməyə bilər, hərənin öz fikri var. Bu, milli komandadır. Millinin heyəti açıqlananda hərənin öz versiyası olur, bu da normaldır. Bir şeyə əminəm, alnım açıqdır, heç vaxt nəyəsə qərəzli yanaşmıram və yanaşmaram da. Hərdən görünür ki, kimin içində nə var, elə fikirləşir.
– 6:1 hesabının rekord olacağını bilirdiniz?
– Dünən mətbuat konfransında yada salınmışdı, bilirdik. Futbolçulara belə tapşırıq verməmişdik ki, rekord olmalıdır. Oyun, temp, hücumlar, qol istəyirdik. Çox qol vurmaq sevindirir.
– Növbəti görüş Syerra Leoneyə qarşıdır. Bugünkü performans növbəti rəqibə qarşı planlarda hansısa dəyişikliyə səbəb olacaq?
– İki oyun planımız var idi. Oyundan əvvəl fasilədən sonra çox dəyişikliyi düşünürdük. Eləməyə də bilərdik. Lakin hesab imkan verdi ki, bu addımı ataq. Bəzi futbolçulara istirahət verdik. Növbəti matçda fərqli oynamaq istəyirik. Litva, Lixtenşteynlə oyunları da düşünürük. Bəzi məsələləri bu oyunlarda görmək istəyirik. Son 15 dəqiqədə fərqli sistemlə oynadıq.







