"Biz I divizionda oynayanda Gəncə stadionunda problem yox idi?"- Yaşar Vahabzadə
“Kəpəz” yeni mövsümün ilk oyunlarını Bakıda keçirməli olacaq. Fövqəladə Hallar Nazirliyi Gəncə stadionunda matçların keçirilməsinə icazə vermədi. “Kəpəz” avqustun 5-də “Zirə”ni “Dalğa Arena”da qəbul edəcək.
Msport.az xəbər verir ki, komandanın baş məşqçisi Yaşar Vahabzadə bu qərarın onların işini xeyli çətinləşdirdiyini deyib:
“Bu qərar komandaya mənfi təsir göstərdi. Futbolçular özlərini kökləmişdilər ki, oyunlar Gəncədə olacaq. Bundan əvvəl də azarkeşlərin stadiona buraxılıb-buraxılmayacağı söhbəti ortaya çıxanda futbolçular gəlib maraqlanırdılar. Legionerlər də komandaya gəlməmişdən qabaq “youtubbe”-da “Kəpəz”in necə çılğın azarkeşləri olduğunu görmüşdülər. Ona görə də onlara da maraqlı idi ki, stadiona azarkeşlərin buraxılması. Əslində legionerlərin “Kəpəz”i seçmə səbəblərindən biri də azarkeşlərinin olması idi.
AFFA nümayəndələri stadionu baxışdan keçirmişdilər, nə tapşırıq vermişdilərsə, hamısını yerinə yetirdik. Soyunub-geyinmə otaqları böyüdüldü, orda oturacaqlar təzələndi, futbolçular meydana gələrkən azarkeşlərdən təxliyə olunması tapşırığını da həll etmişdik.
Oyuna 3 gün qalmış belə qərarın verilməsi bizə böyük problemlər yaradır. Heç olmasa bizim matçı çempionatın açılışına yox, avqustun 7-8-ə sala bilərdilər ki, işlərimizi görək. İndi otel məsələsini həll etməliyik, Bakıda oyuna hazırlıq məsələləri, yəni bütün bunlar üçün vaxtımız olardı. Büdcə ilə də bağlı bu günə qədər dəqiq bir söz deyilməyib. Onsuz da maliyyə problemlərimiz var idi, indi işimiz bir az da çətinləşdi.
Oyundan bir gün əvvəl Bakıya gəlib “Dalğa Arena”da məşq etməyə çalışacağıq. Gərək vəziyyəti nəzərə alardılar, heç olmasa 1-ci turda “Zirə” bizi qəbul edərdi. Belə olsaydı, bir çox problemlərdən sığortalanardıq”.
“Kəpəz”in baş məşqçisi I divizionda heç stadionla bağlı məsələnin gündəmə gətirilmədiyini də deyib:
“Üç ay əvvəl biz I divizionda ev oyunlarımızı Gəncə stadionunda keçirirdik. Oyunlarımıza elə olurdu 800 azarkeş gəlirdi. Onda problem yox idi? İndi Premyer Liqa olanda problemlər yarandı? Əgər stadionda belə təhlükə varsa, azarkeş sayını azaldıb, məhdud etmək olardı. Necə ki, pandemiya dövründə arenalara tamaşaçıları məhdud sayda buraxırdılarsa, indi də elə etmək mümkün idi. Təəssüf ki, bütün bunlar nəzərə alınmadı”.