“Biz komandayıq” – Azər Məmmədov
Kəpəz” Azərbaycan Premyer Liqasının VII turunda səfərdə “Araz-Naxçıvan” üzərində 2:0 hesabı ilə qələbə qazanıb.
Msport.az xəbər verir ki, Gəncə klubunun baş məşqçisi Azər Məmmədov jurnalistərin suallarını cavablandırıb:
– Bura gələn azarkeşlərimizə təşəkkür edirəm. Çox vacib qələbə qazandıq. Heyətdə itkilərimiz var idi. Meydana çıxan futbolçular onları layiqincə əvəz etdilər. Bilirdik ki, çox çətin oyun olacaq. “Araz-Naxçıvan”da baş məşqçi dəyişikliyi olmuşdu. Belə dəyişiklik adətən komandaya müsbət təsir göstərir. Yeni məşqçinin oyun üslubunu təhlil etmək üçün imkanlar tapa bilmirdik. Futbolçular verdiyim tapşırıqları yerinə yetirdilər. Oyun çox dinamik keçmədi. Əsas qələbə idi, buna da nail olduq.
– Sizcə, Rojerio Santos komandanın neçə faizidir?
– Faiz olaraq danışmayacağam. Hər futbolçunun hansısa üstünlüyü, bacarığı ola bilər. Bizdə də elə futbolçular var. Çalışırıq ki, ad olaraq yox, yaxşı komanda yaradaq. Hansısa futbolçu daha çox seçilə bilər. Amma biz komandayıq. Belə də davam edəcəyik.
– Namik Ələskərovla Rəhman Hacıyevi gələcəkdə də eyni anda meydanda görə bilərik?
– Bəli, olacaq. Hazırda optimal heyətimizi tam qurmağa çalışırıq. Namik Rəhmanla da, Abubakarla da birlikdə oynayacaq. Komandada elə futbolçu qalmayacaq ki, ona şans verilməsin. Hamıya şans verəcəyik.
– “Zirə” ilə xallarınız bərabərləşdi. Növbəti turda onlarla oynayacaqsız. Həmin qarşılaşmanı 6 xallıq oyun adlandırmaq olar?
– Bizim üçün qazandığımız hər xal elə 6 xaldır. Çünki müəyyən maliyyə dəstəyimiz və ona uyğun gücümüz var. “Zirə”yə gəlincə, bizi Gəncədə ağır oyun gözləyir. Ümid edirəm ki, azarkeşlərə yaxşı oyun göstərib xallar qazanacağıq.







