featured-image-19652

“Sabah” klubunun baş məşqçisi Murad Musayevin peşəkar futbolçu karyerası olmayıb.

Rusiyalı mütəxəssis 2005-ci ildə – 22 yaşında məşqçiliyə başlayıb.

Karyerası əsasən “Krasnodar”la bağlı olan 39 yaşlı çalışdırıcı ilk illərdə akademiyada fəaliyyət göstərib. 2016-cı ildə cəmi 3 ay müddətinə Rusiyanın U-18 yığmasına rəhbərlik edib.

2018-ci ildə “Krasnodar”ın əsas komandasının sükanı arxasına gətirilən Musayev 2021-ci ilin oktyabrından “Sabah”ı çalışdırır.

Komandası Azərbaycan Premyer Liqasının ilk yarısından sonra 43 xalla ikinci pillədə qərarlaşan Murad Musayev “Report”un suallarını cavablandırıb. Msports.az sizi həmin müsahibə ilə tanış edir:

– Ötən mövsümü 41 xalla başa vuran “Sabah” cari mövsümün artıq yarısında bu göstəricini keçib. Bu mənada geridə qalan 18 turu sizin üçün parlaq saymaq olar?
– Məncə, keçənilki “Sabah”la builki “Sabah”ı müqayisə etmək düzgün deyil. Ötən il komanda fərqli baş məşqçinin rəhbərliyi altında çıxış etmiş, heyətdə çoxlu dəyişikliklər olmuşdu. Biz dünənlə yaşamırıq, yalnız bu gün və sabah barədə düşünürük. Mövsümün ilk yarısındakı çıxışımızı ümumi olaraq uğurlu hesab edirəm. Biz müasir və parlaq oyun nümayiş etdirdik və göstərdik ki, yaxşı komandamız var. Çempionatda toplanan xallara gəldikdə, yaxşı qrafik cızdıq, kifayət qədər çox xal topladıq. Bu da bizi sevindirir. Amma anlamalıyıq ki, bu, sadəcə mövsümün ilk yarısıdır. Yekunda hansı nəticəni göstərəcəyimiz daha önəmlidir. Ona görə də, eyforiyaya qapılmadan oyunumuzu bir qədər də stabilləşdirərək daha da irəli getməliyik.

– İlin sonlarına yaxın çempionatda “Kəpəz” və “Şamaxı” ilə heç-heçə etdiniz, ölkə kubokunun 1/4 final mərhələsində “Səbail”ə uduzdunuz. Həmin dönəmdəki eniş nə ilə bağlı idi?
– Bütün məsafəni eyni tempdə qət etmək çətindir. Hətta ən təcrübəli komandalarda belə, mövsümün gedişində enişlər ola bilir. “Sabah” da bu cəhətdən istisna deyil. Nəzərə alaq ki, biz gənc klubuq. Komandanın heyətində ciddi dəyişikliklər olub. Ona görə də, mövsümün gedişində 4 oyunda qələbə qazana bilməməyimiz normal qəbul olunmalıdır. Əlbəttə, kubokda yarımfinala vəsiqə qazana bilmədiyimiz üçün məyusuq. Çünki kubok titul qazanmaq üçün ən qısa yol hesab edilir. Ancaq indi ən önəmlisi odur ki, son matçımızda parlaq oyun göstərərək qələbə qazanmağı bacardıq. Həmin oyunları düzgün təhlil etməliyik ki, gələcəkdə bu cür hallar yaşanmasın.

– Ardıcıl xal itkiləri lider “Qarabağ”ı sizdən uzaqlaşdırdı, 3-cü pillədəki “Neftçi”ni isə bir qədər yaxınlaşdırdı. Bu, fasilə öncəsi komanda daxilində təşvişə yol açmadı?
– Biz komanda ilə heç vaxt turnir cədvəli barədə danışmamışıq. Bir dəfə də olsun rəqiblərimizin bizdən neçə xal irəlidə və ya geridə olmasını müzakirə etməmişik. Çünki bu, bizi qətiyyən maraqlandırmır. Sadəcə, keçmiş oyunlarımızın analizi və qarşıdan gələn görüşə hazırlıq barədə danışırıq. Bu, ən önəmli aspektdir. Hansı ki, biz diqqətimizi ancaq ona yönəldirik. Turnir cədvəlinə isə çempionatın sonunda baxacağıq. Hazırda bunun bizim üçün heç bir əhəmiyyəti yoxdur. Diqqətimizi yayındırmamalı, yalnız qarşıdan gələn oyunlara və özümüzün inkişafına köklənməliyik.

– Artıq bir ildir Azərbaycandasınız. Bakıda gördükləriniz bura gəlməzdən əvvəl təsəvvür etdiyiniz kimidir?
– Bakı gözləntilərimdən də üstün oldu. Müasir Avropa şəhəridir. Öz gözəlliyi və infrastrukturu ilə heyran edir. Bura ilk gələndə müsbət mənada kifayət qədər təəccübləndim. Ümumi götürdükdə, Azərbaycanın gözəl təbiəti var. Bu ölkə gözəl dağlara, göllərə, çaylara, fərqli iqlim qurşaqlarına malikdir. Məsələn, Qəbələyə gedəndə təbiətin necə dəyişdiyinin şahidi olursan. Çöllük ərazi ilə irəlilədiyin anda anidən yaşıllıq, dağlıq ərazi ilə üzləşə bilərsən. Bunların hamısı çox gözəldir. Azərbaycan və Bakı barədə yalnız müsbət şeylər danışa bilərəm.

– Ümumiyyətlə, Azərbaycanda yaxşı və pis mənada sizi ən çox nələr təəccübləndirib?
– Bəzi müsbət şeyləri yuxarıda sadaladım. Mənfi hallara gəldikdə, sürücülük mədəniyyətini qeyd edə bilərəm. Burada bəzi sürücülər yol hərəkət qaydalarına tam riayət etmir ki, bu da nəqliyyatda idarəetmə zamanı çətinlik yaradır. Məsələn, səndən öndə hərəkət edən avtomobil dönmə işığını yandırmadan anidən dönə və ya sənin zolağına keçə bilər. Nəqliyyatda bu və buna bənzər bir çox qayda pozuntuları olur. Məncə, sürücülər bu kimi məsələlərə həssas yanaşmalıdırlar. Bu, Azərbaycanla bağlı yeganə mənfi haldır. Ümumilikdə ölkəylə əlaqədar ancaq müsbət şeylər deyə bilərəm.

– Burada əksəriyyət rus dilini bildiyi üçün yəqin ki, ünsiyyət problemi yaşamırsınız. Yerli insanların, xüsusən də, qonşularınızın sizə münasibəti necədir?
– Haqlısınız. Burada ünsiyyətlə bağlı heç bir problem yaşamıram. Qaldığım kompleksdə, getdiyim restoranlarda, mağazalarda rus dilində rahat ünsiyyət qura bilirəm. Ümumiyyətlə, gündəlik həyatımda əsasən klub rəhbərliyi, əməkdaşları və futbolçularla ünsiyyətdə oluram. Burada mənə hörmətlə yanaşırlar, çox yaxşı şərait yaradıblar. Bunu yüksək dəyərləndirirəm. Hamı ilə çox yaxşı münasibətim var, xüsusilə də, yerli futbolçularla. Onu da qeyd edim ki, yerli oyunçularla ünsiyyət zamanı onların yüksək ailə mədəniyyətinə, dəyərlərə malik insanlar olduğu görünür.

– Bakıda ailənizlə birlikdə yaşayırsınız?
– Bəli, ailəmlə birlikdə yaşayıram. İstisna hal təlim-məşq toplanışına getdiyimiz vaxtda olur. Övladlarım burada uşaq baxçasına gedirlər. Ailə mənim üçün çox önəmlidir. Onların yanımda olmaları, evə qayıdanda ailəmi görməyim mənə çox yaxşı təsir edir. Burada işdən kənar vaxtımı ailəmlə keçirməyə üstünlük verirəm. Onlarla Bakıdan kənar bölgələrə də səyahət etmişəm. Bu baxımdan heç bir problem yoxdur.

– “Sabah”ın “Qarabağ” səviyyəsində olması, müntəzəm avrokuboklarda iştirak etməsi üçün Murad Musayev həmkarı Qurban Qurbanov kimi uzun müddət komandanın sükanı arxasında olmalıdır?
– Səhv etmirəmsə, Qurban Qurbanov 14 ildir “Qarabağ”da çalışır. Ona Avropada çalışmaqla bağlı sual ünvanlayanda isə bu kluba bağlı olduğunu bildirir. Bu cür bağlılıq, həmçinin işinin keyfiyyəti məndə Qurban Qurbanova qarşı çox böyük hörmət yaradıb. “Sabah”ın uğurlarının mənim burada nə qədər çalışmağımla birbaşa bağlılığı yoxdur. Çünki “Sabah” təkcə Murad Musayevdən ibarət deyil. Məncə, eyni hal başqa klublar üçün də keçərlidir. Klubun uğuru bütün bölmələrin, halqaların bir yerdə necə işləməsindən asılıdır. Rəhbərlik tərəfindən seleksiyanın təşkili, maliyyənin stabilliyi, klubun infrastrukturunun qurulması, təchizatın yüksək səviyyədə təşkil edilməsi, bundan əlavə, menecerlərdən tutmuş, həkimlərə kimi, hər bir əməkdaşın ixtisaslaşdırılması və s. kimi amillər çox önəmlidir. Əsas odur ki, bütün struktur işləsin.

– Uzun müddət Azərbaycanda çalışmaq perspektivinə necə baxırsınız?
– Əsas məqsədim “Sabah”ı daha da inkişaf etdirmək, avrokuboklara çıxarmaqdır. Ola bilsin ki, burada uzun müddət çalışacağam. Ancaq futbol həyatı qeyri-müəyyəndir. Bizi qarşıda nələrin gözlədiyini çox vaxt bilmirik. Addım-addım irəliləyirik və inanırıq ki, bizdə hər şey alınacaq.

– Azərbaycanda hansı yerli futbolçuları Rusiya Premyer Liqasında oynayacaq səviyyədə sayırsınız?
– Öz subyektiv fikrimi bildirəcəyəm. Rusiya Premyer Liqasında yerli futbolçulardan Elvin Cəfərquliyev, Toral Bayramov, Şahruddin Məhəmmədəliyev, Ramil Şeydayev, Bədavi Hüseynov, Emin Mahmudov, Eddi İsrafilov, Aleksey İsayev, Elvin Camalov və Namik Ələskərov oynaya bilərlər. Heç kimin xətrinə dəymək istəməzdim, ola bilər ki, bəzi oyunçuları qeyd etməyi unutdum. Ancaq onu deyə bilərəm ki, Azərbaycanda Rusiya Premyer Liqasında çıxış edə biləcək bir çox futbolçu var. Bundan əlavə, Azərbaycanda oynayan legioner futbolçular da var ki, onlar Rusiya Premyer Liqası klublarını gücləndirəcək səviyyədədirlər.

– Bəs Rusiya Premyer Liqasından bura kimisə transfer etmək nə dərəcədə realdır?
– Rusiyadan oyunçu transfer etmək çox çətindir. Burada maliyyə amili böyük rol oynayır. Rusiya Premyer Liqası klublarında maaşlar Azərbaycan klublarındakından daha yüksəkdir. Eyni səviyyəli futbolçunu İspaniya, Portuqaliya kimi ölkələrin aşağı liqalarında və ya başqa ölkələrin çempionatlarında axtarmağa cəhd etmək olar. Məncə, ən başlıca səbəb budur.

– İlk dəfə ölkə xaricində çalışırsınız. Azərbaycanda qazandığınız hansı təcrübəni gələcək karyeranız baxımından mühüm hesab edirsiniz?
– Düzü, burada özümü evdəki kimi hiss edirəm. Rusiyanın cənubunda, Qafqazda yaşamışam. Rusiyada bir çox Qafqaz respublikalarında, Dağıstanda, Adıgeydə, Kabardin-Balkarıstanda olmuşam. Buna görə də, Azərbaycanda da olan oxşar mentalitetə yaxşı bələd idim. Bu baxımdan uyğunlaşmaqda heç bir problemim olmadı. Mənim evim bura çox yaxındır. Krasnodardan Bakıya olan məsafə daha azdır, nəinki Krasnodardan Moskvaya.

– Azərbaycan və Rusiya Premyer Liqaları yəqin ki, müqayisəedilməzdir. Bizim çempionatın ən yaxşı və pis tərəfləri nələrdir?
– Hesab edirəm ki, Azərbaycan Premyer Liqasında ilk “beşlik”də qərarlaşmış komandalar Rusiya Premyer Liqasında çıxış edə bilərlər. “Qarabağ” hətta çempionluq uğrunda da mübarizə aparacaq gücdədir. Ümumi götürsək, Rusiyada komanda sayı Azərbaycanla müqayisədə çoxdur. Azərbaycanda bəzən bir komandanın digəri ilə ardıcıl bir neçə dəfə qarşılaşması hallarına rast gəlinir. Bəzən mövsüm ərzində bir rəqiblə 6 dəfə üz-üzə gəlməli olursan ki, fikrimcə, bu, heç də maraqlı deyil. Həmçinin Rusiyada infranstruktur daha yaxşıdır. Həmin qurğuların əksəriyyəti dünya çempionatı üçün tikilmişdi. Bundan əlavə, Rusiyada stadionlarda daha çox azarkeşə rast gəlmək olar. Düzdür, son vaxtlar Rusiyada da oyunlarda müşahidə olunan tamaşaçı sayında azalma var. Bu, daha çox tətbiq edilən “Fan ID” ilə bağlıdır. Bununla belə, indi də Rusiyada oyunlara azarkeş marağı Azərbaycandakından daha çoxdur. Bu bir qədər qəribədir. Çünki Azərbaycanda “Qarabağ”ın avrokubok oyunlarına kifayət qədər azarkeş gedir. Lakin daxili çempionatın görüşlərində həmin azarkeş marağı müşahidə olunmur, tribunalarda çox az adam olur. Bizim “Qarabağ”la Masazırda baş tutmuş son ev matçımıza isə 10 000 azarkeş gəlmişdi. Bu, bizi çox sevindirdi. Fikrimcə, həmin gün azarkeşlərin özləri də həm meydanda sərgilənən oyundan, həm də stadionda olan atmosferdən həzz aldılar. Azərbaycanda olan əsas problemlərdən biri də süni örtüklü meydançalardır. Azərbaycan cənub ölkəsidir. Burada hava çox da soyuq olmur. Premyer Liqada bir neçə klub süni örtüklü meydançadan istifadə edir. Fikrimcə, bu heç də yaxşı hal deyil. Düşünürəm ki, Azərbaycanda hər bir klub təbii örtüklü meydançaya malik olmalıdır.

– Qış fasiləsində komandadan ayrılacaq oyunçuları yəqin ki, müəyyənləşdirmisiniz. Kimlərlə yolları ayırmağı və neçə yeni oyunçu transfer etməyi planlaşdırırsınız?
– Komandada kifayət qədər oyun təcrübəsi qazana bilməyən bəzi gənc oyunçularımızın başqa klublara icarəyə göndərilməsi ehtimalı var. Transfer məsələsinə gəldikdə, bizim üçün çox vacibdir ki, kluba yeni gələcək futbolçular hazırda heyətdə olanlardan daha güclü olsunlar. Böyük dəyişikliklər nəzərdə tutulmayıb. Ola bilsin ki, bir və ya iki futbolçu ilə güclənək. Ancaq heç bir transfer həyata keçirilməyə də bilər.

Bənzər xəbərlər