Daha bir federasiyada prezident dəyişikliyi olacaq
Yaxın vaxtlarda daha bir federasiya rəhbərliyində dəyişiklik olacaq. Msport.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi postundan ayrılacaq.
İş adamı kimi tanınan Novruzi onsuz da xeyli vaxtdır ki, federasiyadakı işlərinə vaxt ayıra bilmir, daha çox xarici ölkələrdə səyahətlərdə olur.
AFFA-nın sabiq baş katibi Elxan Məmmədova yaxınlığı ilə seçilən iş adamı federasiyadakı fəaliyyətini başa vurmağı planlaşdırırdı.
Çimərlik futbolu üzrə milli komandamız Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində olduqca bərbad çıxış edərək 13-cü yeri tutudu.
Qeyd edək ki, yığmanın baş məşqçisi Zeynal Zeynalov ara-sıra müsahibələrində komandaya yetərli diqqət göstərilmədiyini, təlim-məşq toplanışlarında vaxtı-vaxtında olmadıqlarını qabardır.
Novruzi federasiyadan ayrılmaq istəsə də, Bakıdakı turnir bu prosesi sürətləndirəcək. Çünki həm AFFA rəsmiləri, həm də Gənclər və İdman nazirliyi komandamızın yarışdakı iştirakından çox narazı qalıb.
AYXAN







