De Byazi - Getsin, yoxsa qalsın?
Milli komandamızın Avro-2024-ün seçmə mərhələsinə biabırçı start verməsi baş məşqçi Canni De Byazi ilə bağlı suallar yaradıb. AFFA Millətlər Liqasındakı gərəksiz qələbələri əsas gətirərək italiyalı mütəxəssislə yeni müqavilə bağlamışdı. Amma Avstriya və İsveçə böyük hesablı məğlubiyyətlər cəmiyyətdə ciddi narazılıqla qarşılandı. Mətbuat, azarkeşlər, ictimaiyyət, bir sözlə, hər kəs bu oyuna görə, hesabat tələb edir. De Byazinin İsveçlə matçdan sonra “yaxşı oynadıq” deməsi isə odun üstünə neft tökmək effekti verdi.
İndi artıq AFFA-dakılar da 65 yaşlı məşqçidə heç bir potensial olmadığını, onun burda heç nə əldə etməyəcəyini anlayırlar. Əldə etdiyimiz məlumata görə, De Byazi DÇ-2022-nin seçmə mərhələsindən sonra getmək istədiyini deyib, burda nəticə verə bilməyəcəyini vurğulayıb. Lakin AFFA rəsmiləri onun qalıb fəaliyyətini davam etdirməsini məsləhət biliblər.
İndi isə federasiya iki daş arasında qalıb, məşqçini göndərib kompensasiya vermək, yoxsa hələ də gözləmək? AFFA-da hər iki yolu dəstəkləyənlər var. Odur ki, federasiya hələ ki De Byazi ilə bağlı yekun qərar verə bilmir. Bir tərəfdən də millinin bu cür oynaması və italyalının fikirləri yuxarı dairələrin xoşuna gəlməyib. “Qarabağ”ın “Qalatasaray”la yoxlama görüşü olsa belə, başa-baş oynaması və millinin o cür rüsvayçı məğlubiyyəti “yuxarılar”da əyləşənlərin ağıllarında suallar yaradıb.
De Byazinin Azərbaycan millisində qalıb-qalmayacağı yəqin ki, həftəsonuna kimi bilinəcək. Gözləyək, görə nələr olur.
AYXAN