featured-image-60549

“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının XX turunda öz meydanında “Neftçi”ni 2:1 hesabı ilə məğlub edib.

Msport.az xəbər verir ki, muxtar respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Oyunun ağır və dramatik keçəcəyini təxmin edirdik. Qış fasiləsindən sonra “Neftçi”nin göstərdiyi oyun bizə müəyyən siqnallar verirdi. Ümumi götürəndə, komandamın çıxışından razı qaldım. Yaxşı, əzmkar, istədiyim futbolu mənə qaytarmağa çalışırdılar. Qələbə qazandıq. Komandamı təbrik edirəm, qarşıdakı oyunlara hazırlaşacağıq.

– Birinci hissədə nə etdiniz ki, rəqib 4 əvəzetməyə əl atdı?

– Daha çox özümüzə köklənirik. Rəqibin məşqçisi nə edəcəksə, bizə də sirr qalır. Bizi daha çox düşündürən öz oyunumuz, dəsti-xəttimizdir.

– Həmin əvəzetmələrdən sonra fərq hiss etmədiniz?

– Hesabda öndə olanda rəqib üstünə gəlir. Bu da normaldır.

– Üç məğlubiyyət komandaya psixoloji təzyiq göstərirdi?

– İdman mediası bizi “qara zolağ”a salmağa çalışırdı. Bu zolaq yoxdur. Nə mən, nə də komanda təzyiq altındadır. Futbolda udmaq necə əhəmiyyətlidirsə, məğlubiyyəti də gözləməlisən. Komanda olaraq uğurlu nəticəyə köklənirdik.

Bənzər xəbərlər