Elxan Səmədovun futboldan vacib işi
PFL dünən növbəti mövsümün püşkatmasını keçirdi. Tədbirə gələn jurnalistlərin əksəriyyəti mənim kimi düşünürdü, qurumun rəhbəri Elxan Səmədov orda olar, bir-iki maraqlı sual verərik. Hərçənd bilirəm ki, Elxan müəllim 20 sualı “sokovıjimalka” kimi sıxıb-sıxıb “hə”, “yox”la 4-5 suala çevirməyi bacarır. Amma bununla belə, nə qədər olmasa da, PFL prezidentinin ən azı statusu var.
Düzdür, PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev rəhbərindən xeyli maraqlı, səmimi danışdı. II liqada bir əlcəkli qapıçı görə biləcəyimizin mesajını verdi.
Aslan bəy Səmədovun püşkatma mərasiminə qatılmamasına tədbirin əvvəlində aydınlıq gətirdi: “Elxan müəllim Azərbaycan futbolu ilə bağlı daha vacib görüşdə iştirak etdiyi üçün püşkatma mərasimində iştirak edə bilmir”. Azərbaycan Premyer Liqasının təşkilatçısı – Peşəkar Futbol Liqasının prezidenti daha dacib tədbirə qatıldığı üçün Azərbaycan Premyer Liqasının 2023-2024 mövsümünün püşkatma mərasiminə gəlmir?
Soruşmaq ayıb olmasın, ilin-günün bu vaxtında PFL rəhbərinin başqa nə vacib işi ola bilər? Əgər istirahətə gedibsə, bu başqa məsələ, bunu da açıq demək olar ki, “müəllim məzuniyyətdədir”. Yox, əgər həqiqətən də siz deyən kimidirsə, o zaman açıqlama verin, bilək ki, Elxan müəllimin qatıldığı tədbir nə imiş və nə qədər vacib olub ki, püşkatmaya gəlməyib. Ola bilər ki, Elxan müəllim çempionatın potensial titul sponsorları ilə görüşdədir. Axı bunu normal, sivil qaydada demək olar.
İndi biz nə fikirləşək? Biz fikirləşək ki, media böyük heyətlə tədbirdə iştirak edir, sanballı suallar verir. Bəs qarşı tərəf?
Klubların püşkatmaya münasibəti PFL prezidentidən o yana keçmir. Biri əvəzedici komandanın məşqçisini göndərir, digəri səkkizinci dərəcəli menecerini, o biri də inzibatçısını. Başa düşürəm, klubların əksəriyyəti indi ölkə xaricində təlim-məşq toplanışındadır. Sabah söhbət düşsə, bunu əsas gətirəcəklər. Amma gəlin etiraf edək ki, illərdir klublar püşkatmaya məhz bu cür yanaşırlar.
Elxan Səmədov özü püşkatmada iştirak etmirsə, klublardan da bu diqqəti tələb edə bilməz. Hərçənd ki, gələn gündən müsbət imic formalaşdırıb, hər kəs PFL-in yeni rəhbəri haqqında yalnız yaxşı fikirlər səsləndirir. Yəqin ki, yeni mövsümdən bir az vəziyyət dəyişəcək. Hər halda mətbuat qarşısında ağlaşma quran klublar PFL-in tələbi ilə son dünya çempionatında oynanılan topdan 100 ədəd alıb (biri 230 manatdır) 23 min ziyana düşəndən sonra üzdə gülümsər ifadə alsalar da, ürəklərində başqa şey fikirləşəcəklər.
AYXAN







