featured-image-28464

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının XXXI turunda doğma meydanda “Sabah”a 0:2 hesabı ilə məğlub olub.

Msport.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında qərb bölgəsi təmsilçisinin baş məşqçisi Ayxan Abbasovv jurnalistlərin suallarını cavablandırıb:

– Azarkeşlərimiz bu gün möhtəşəm idilər. Ağır oyun oldu, ağır qrafikdəyik. Hər oyun zədəlilərin sayının artması bizi narahat edir. Bu gün də Tərlan Əhmədlinin zədələnməsi çox pis təsir etdi. İki cəbhədə vuruşmalıyıq. Oyun pis alınmadı. Amma rəqibin ustalığı öz sözünü dedi. Əllərinə düşən epizodları qola çevirdilər. Bizim də epizodlarımız oldu, sadəcə sonluq çatmadı. Sıx qrafikdə rotasiyaların olması normaldır. Kubokda şansımız var. Bilirik çox çətin olacaq. Cavab görüşünə tam gümrah getmək istəyirik. Buna görə rotasiyalar etdik.

– Artıq 8 oyundur “Turan Tovuz” qələbə qazana bilmir. Sizdən aşağı pillələrdə olan komandalar isə qələbə qazana biliblər. Çempionatı tərk etmək qorxusu hiss etmirsiz?

– Bizdə hesablayırıq, turnir cədvəli ilə yaşayırıq. Çünki, bilirik bizi qarşıda nə gözləyir. İki tur əvvəl də demişdim ki, hələ təhlükəli yerdəyik. Lazım olan oyunlarda qələbə qazana bilmədik. Bundan əvvəlki turlarda bir qələbə bizi rəqiblərdən aralayırdı. Qarşıda matçlar var. Evdə “Səbail” və “Neftçi” ilə oynayacağıq. Kubokdan sonra tam olaraq çempionata köklənəcəyik. Sona qədər mübarizə gedəcək. Futbolçularıma inanıram. Aşağı pillələr ola bilər. Amma əsas məqsəd Premyer Liqada qalmaqdır. Bunun üçün çalışacağıq. Kubokun yarımfinalına çıxmışıq. Riskə gedəcəyik, getməliyik.

– “Neftçi” ilə cavab matçından öncə zədəlilərin durumu necədir?

– Milnerin durumu kritikdir. Oynamaq şansı azdır. Müalicəsi davam edir. Piruzi Marakvelidze ilə Şəhriyar Əliyevin durumu yaxşılığa doğru gedir. Qalan futbolçularımız yaxşıdır.

– Tərlan Əhmədlinin durumu necədir?

– Əzələsində dartılma var. Bu gün Kamal Bayramovun da cəzası var idi. Mehman Hacıyev ilk oyununa çıxdı. Kubokda Kamal oynaya biləcək. (sportal)

Bənzər xəbərlər