featured-image-34168

“Sabah”ın ardınca “Qəbələ” və “Neftçi” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyunlarını keçirdilər. Əslində hər şey gözlənildiyi kimi oldu. Murad Musayevin komandasının RFŞ-i keçəcəyi, “Qəbələ”nin “Omoniya” ilə bacarmayacağı, “Jelezniçar”ın isə “Neftçi”nin əsəbləri ilə oynayacağı proqnozlaşdırılırdı. Sensasiya baş vermədi.

“Qəbələ” ötən mövsümlə müqayisədə xeyli dəyişsə də, kiprlilər qarşısına cəmi 3 yeni futbolçu ilə çıxdı. Elmar Baxşıyev start heyətində Ahmed Ayzaya, Lukas Afriko və Osama Xalaylaya şans vermişdi. Amma bəzi oyunçular da var idi ki, onlar əvvəl heç də əsas heyət üzvü sayılmırdılar – Kristof Atanqana, Ülvi İsgəndərov kimi. Atanqana 2 ildir əyalət təmsilçisinin düşərgəsindədir,  amma heç vaxt ona rahat şəkildə “1 nömrə” demək mümkün olmayıb. “Qəbələ”nin baş məşqçisi Səlahət Ağayevin kobud səhvlərindən sonra çempionatın sonlarında ispaniyalı qolkiperə şans verməyə başladı. Əslində Baxşıevin indi də alternativ variantı olsa, Atanqananı qapıya qoymaz. Roman Bezusun cərimə zərbəsindən vurduğu qol zamanı da göründü ki, Atanqana ilə uzağa getmək olmaz.

Dünənki oyun həm də onu göstərdi ki, “Qəbələ” heyəti qorusaydı, “Omoniya”nı keçə bilərdi. Aliminin, Utrixin, Ruanın yeri görünürdü. Qənaət heç də həmişə xeyir gətirmir. “Qəbələ” aparıcı futbolçularının maaşını qaldırmaq istəmədi, halbuki həmin heyətlə mərhələ keçib UEFA-dan xeyli pul almaq mümkün idi.

Əyyub Allaş isə əyalət klubunun yeni liderinə çevrilir. Həm vurduğu qollar, həm də performansı əminlik yaradır ki, o, yeni mövsümdə “qırmızı-qaralar”ın əsas silahlarından biri olacaq.

Cavab oyununda “Omoniya” daha rahat və azarkeşlərinin dəstəyi ilə daha inamlı oynayacaq. “Qəbələ” ötən yay olduğu kimi bu il də II mərhələdəcə mübarizəni dayandırmağa yaxındır.

“Neftçi” Sarayevoda xeyli əziyyət çəkməli oldu. Düzdür, oyuna baxanda görmək mümkün idi ki, Bakı klubunun futbolçularının klası rəqibdən xeyli üstündür. Kilian Lebon, Ozobiç, Eddi bir neçə epizodda göstərdilər ki, səviyyə daha yüksəkdir. Amma aydın məsələdir ki, “Neftçi” matça hazır deyildi. “Ağ-qaralar” “Jelezniçar” qarşısına hücumçusuz çıxmaqdan əlavə hələ pərakəndə və xaotik oynayırlar.

Toplanışın yarısını müqavilə şərtlərini yaxşılaşdırmaqla bağlı danışıqlara sərf edən Emin Mahmudov meydanda qaça bilmirdi. 86-cı dəqiqədə rəqib oyunçu 2-3 metr geridən qaçıb onu keçib topu götürdü.

Rəhmanın 90+5-ci dəqiqədə vurduğu qol olmasaydı, “Neftçi” səfərdən məğlub dönəcəkdi. Lakin nədənsə içimdə bir əminlik var idi ki, “ağ-qaralar” səfərdə uduzsaydı, belə Bakıda “Jelezniçar”ı keçə biləcəkdi.

Adrian Mutu “Neftçi”nin baş məşqçi postunda ilk rəsmi oyuna çıxdı. Hələ ki məşhur rumıniyalı haqqında bir söz demək çətindir. Onun Regekampfdan oyun üslubunun nə ilə fərqləndiyinin bir müddət sonra biləcəyik. Hələlik isə görünən odur ki, Mutunun nəyi də olmasa, yaxşı “tovarnı” vidi var, texniki zonaya yaraşır. Amma bu yalnız matçın rejissoruna xoş gələ biləcək amildir.

“Neftçi” “Jelezniçar”ı keçsə belə, hazırkı komanda “Beşiktaş”la başabaş mübarizə aparacaq gücdə deyil. Əslində heç komandanın, məşqçilər korpusunun qarşısına da belə məqsəd qoyulmayıb.

Hələ ki “Neftçi” dəyişir, yenilənir. Görək, bu prosesi nə dərəcədə uğurlu və itkisiz başa vuracaqlar.

AYXAN 

Bənzər xəbərlər