"Hazırki materialla "Qarabağ" hələ ki, maksimumu edir"
Çoxdandır futboldan yazmırdım. Dünənki oyun o qədər həyəcan və emosiya gətirdi ki, sanki yenidən məni futbola qaytardı. “Qarabağ” – “Sürix” görüşü barədə yazan İsveçrə mətbuatının əsas leytmotivi ondan ibarət idi ki, “birinci hissədə meydanda yalnız “Qarabağ” vardı”. Məncə, bu bir cümlə bütün oyunun mahiyyətini üzə çıxarır.
Əvvəlcə onu deyim ki, zənnimcə, bu, “Qarabağ”ın Avrokuboklarda ən yaxşı oyunlarından biri, bəlkə də birincisi idi. Komandada yüksək əzm, döyüş ruhu vardı. İkincisi, “Lex”lə matçdan fərqli olaraq komandanın aparıcı oyunçularının tədricən formaya düşdüyü hiss olunurdu. Komanda oyunu da nisbətən sahmana düşmüşdü, hücumun təşkili, xətlərarası rabitə və ən əsası sürət baxımından ciddi şəkildə irəliləyiş vardı. Növbəti qarşılaşmada komandanın bundan da yaxşı oynayacağını gözləmək olar.
Birinci oyun göstərdi ki, “Qarabağ” İsveçrə klubunu keçə biləcək gücdədir. Hətta, özünün ciddi nəzərəçarpan nöqsanları ilə də bu komandanı keçə bilər. Yeri gəlmişkən, nöqsanlar barədə: Medvedev və Medina ağır olduğundan, üstəgəl Şahruddinin çıxışlarda oynama bacarığının axsaması üzündən rəqibin müdafiəmizin arxasına atdığı hər top az qala təhlükəli vəziyyətə çevrilirdi. Müasir futbolda az qala mərkəz müdafiəçisi rolunda oynayan qapıçıların fonunda çərçivədə əla oynayan, amma çıxışlara maraq göstərməyən Şahın iki mərkəz müdafiəçisi ilə anlaşması arzuolunan səviyyədə deyil.
Komandanın ikinci hissədə “düşməsi” isə fiziki hazırlığın istənilən səviyyədə olmaması ilə bağlıdır. Yüksək tempə tab gətirmək asan deyildi və nəticədə, bir sıra futbolçular aşkar şəkildə yoruldular. Əvəzetmələr isə oyuna nəzarəti rəqibə verdi. Ozobiç kimi topla oynamağı bacaran futbolçunun əvəzinə Şeydayev kimi topla oynamağı, topa nəzarət etməyi bacarmayan girirsə, üstünlüyün rəqibə keçəcəyi qaçılmazdır. Şeydayev hücumda təkbaşına var gücü ilə qaça, müdafiəciləri yora, pressinq göstərə bilər. Amma hesab 2:0 olarkən, belə birinə ehtiyac yox idi, vardısa, o da hücumda. Ola bilsin, Ozobiç də həddə artıq yorulananlardan idi, o zaman yeganə qənaət budur ki, hazırki materialla “Qarabağ” hələ ki, maksimumu edir.
Məsələ, təkcə adı çəkilən futbolçularda deyil. Digərləri də yorulmuşdu və adekvat əvəzetmə alınmadı. Amma bu futboldu, bir dəfə alınanda, bir dəfə də alınmır. Hər halda, qapımıza vurulan ilk qol ofsayd kimi görünürdü, hakim bayraq qaldırsaydı bəlkə daha fərqli nəticə olardı, çünki, “Qarabağ”in ikinci hissədə də qol vuracağı an məsələsi idi.
ATƏŞ SULTANOV